Modern.az

“Azadlıq”ın redaktoru Qənimət Zahidlə problemlər haqda danışa bilmir

“Azadlıq”ın redaktoru Qənimət Zahidlə problemlər haqda danışa bilmir

25 İyul 2013, 16:09



“Son günlər Qənimət Zahidlə danışmaq imkanımız məhduddur. Əvvəllər, əlbəttə, tez-tez danışmaq imkanımız vardı, amma indi yox”. Bunu Modern.az-a açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərif deyib. O, baş redaktor Qənimət Zahidə qarşı məhkəmə iddialarına münasibət bildirərkən qeyd edib, ki, həmin məlumatların hər birinin qəzetdə işıq üzü görməsi tarixi xeyli uzaqdadır. “Adətən yazı qarşı tərəfi ittiham etmirsə bir ay, ay yarımdan sonra məhkəmədə iddia qaldırırlar”.

Sücəddin Şərif vurğulayıb ki, “Azadlıq” qəzetinə qarşı bu cür hərəkətlər qərəzlidir: “Bunların hər ikisi sifarişli iddialardır. Xüsusilə, “Azadlıq” qəzetinin fəaliyyətini əngəlləmək, qəzetin fəaliyyətinə problem yaratmaq birbaşa qəzeti çökdürməyə hesablanıb. Eyni zamanda Qənimət Zahidin müəllifi olduğu “Azərbaycan saatı” proqramına yönəlib. Bilirsiniz ki, bu proqram qısa müddətdə ölkədə çox böyük populyarlıq qazanıb. Seçki ərəfəsində çalışırlar ki, hansı yolla olursa-olsun Qənimət Zahidə problem yaratsınlar.

Bir məlumatı da sizə deyim ki, o iddiaçıların hər ikisi ilə bağlı məsələ iddiada göstərildiyi kimi deyil. Təhmasib Novruzovun iddiası ilə bağlı yazı elə həmin gün “Azadlıq” qəzetində geniş mövqeyi ilə əks olunub. Bir məlumat həbsxanadan məktubla gəlib. Təbii ki, bunları hakimə təqdim edəcəyik. Təhmasib Novruzovun “Azadlıq” qəzeti üzərində artıq məsuliyyəti qalmır. İkinci yazı ilə bağlı araşdırma aparılıb. Bir neçə gün həmin iddiaçının təkzibi verilib, aydınlaşma verilib. Bu bir qətl hadisəsi idi.  İlkin məlumatlara söykənən yazı idi. Biz yaxın günlərdə iddiaçılarla bağlı verdiyimiz mövqeni  məhkəməyə təqdim edəcəyik. Güman edirəm ki, özünə hörmət edən hakim bu məsələyə nöqtə qoyacaq”.

Xatırladaq ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iki yeni məhkəmə iddiası qaldırılıb. İddiaçılardan biri Q. Zahidin cinayət məsuliyyətinə cəlb edilməsini, digəri isə 50 min manat təzminat ödəməsini tələb edir.

İlk iddia Qobustan həbsxanasında həbs cəzası çəkən Hüseynağa Babayev tərəfindən verilib. İddiaçı Q.Zahidin Cinayət Məcəlləsinin 147.1, 147.2 (böhtan və ağır cinayət törədilməsi ilə bağlı böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını xahiş edir. 

İkinci iddiaçı Təhmasib Novruzovdur. O, hazırda həbsdə olan Bəhlul Muradovun AXCP lideri Əli Kərimliyə sui-qəsd və Novruzovun bu planda əlinin olması haqqında yazının dərcinə görə iddia qaldırıb.

Bundan əvvəl DİN və FHN rəhbərləri Q.Zahidin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında birgə iddia qaldırıb. Onlar qəzetin təkzib dərc etməsindən sonra iddialarını geri alıblar.

Baş redaktor özü artıq iki ildir ki, xaricdədir.

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım