Modern.az

Suallar yazılmayacaq qədər çətin deyildi - MİQ rekordçusu

Suallar yazılmayacaq qədər çətin deyildi - MİQ rekordçusu

Təhsil

12 İyul 2023, 17:54

Ötən gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adı açıqlanıb. Rəsmi məlumata görə, test imtahanı mərhələsində kimya fənni üzrə ən yüksək balı Vüsal Novruzov (100/93,75), Rəqsanə Həsənova (110/95) və Yaşar Qarayev Kimya (100/90,5) toplayıb.

 

Fiziki tərbiyə fənni üzrə ən yüksək balı Xəqani Şahverdiyev (100/86,25), Şövqi Ömərli (100/86.25), Sevinc Əlizadə (100/84,5) və Nuranə Əzizova (100/84,5), riyaziyyat fənni üzrə ən yüksək balı Süleyman Bağırov (100/88,75), Emin Əlizadə (100/85) və Aytac İbrahimli (100/85) yığıb.

 

Kimya fənni üzrə yüksək nəticə əldə edən Rəqsanə Həsənova MİQ imtahanları barədə təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, imtahanda yüksək bal toplayacağına əminliyini ifadə edib.

 

“Əslində yüksək nəticə əldə edəcəyimi gözləyirdim. Çünki həm ixtisasdan, həm də kurikulumdan çox yaxşı hazırlaşmışdım. İmtahandan sonra nəticəmi gördükdə çox sevindim. Doğrudur, imtahan zamanı bir az da olsa, həyəcan var idi. İxitsasım olan Kimya fənnindən düşən suallar o qədər çətin deyildi. Sadəcə sualların çox olması və ardıcıl onları cavablandırmaq məni yordu. Əslində bu yorğunluqda həyəcanlanmağımın da böyük payı var”, - deyə o bildirib.

 

 

R.Həsənova söyləyib ki, kurikulumdan düşən suallar ixtisas fənnindən nisbətən daha çətin idi:

 

“Ancaq yazılmayacaq qədər çətin suallar olduğunu düşünmürəm. Sadəcə bizim fənn elədir ki, konkret cavabı görmək olur. Ancaq kurikulum suallarında situasiyadan aslı olaraq fərqli cavablar vermək mümkündür. Ümumiyyətlə, imtahanda vaxtla bağlı problemim olmadı. Hətta, bütün sualları cavablandırdıqdan sonra 30, 40 dəqiqə əlavə vaxtım qaldı. Qalan vaxtda suallara yenidən nəzər yetirib, bəzi cavabları dəyişdirdim”.

 

Bakıda 117 nömrəli tam orta məktəbin məzunu olan R.Həsənova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. O, vakant yer olarsa, Kimya-biologiya təmayüllü liseydə çalışmaq istədiyini söyləyib.

 

Qeyd edək ki, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 min 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5430 namizəd dəvət olunub. Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.

 

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək