Modern.az

Müəllimlik peşəsinə maraq artır - Nazir müavini

Müəllimlik peşəsinə maraq artır - Nazir müavini

Təhsil

13 İyul 2023, 13:43

Hər il müəllimlik peşəsinə artan sevgi bizi sevindirir. Bu gün bizim də ən böyük imtahan mərkəzlərimizdən birində prosesləri izləmək imkanımız oldu. Bu gün 7000-dən çox ibtidai təhsil səviyyəsi üzrə çalışacaq namizədlər imtahanda iştirak edir.


Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.


O, MİQ imtahanlarının 29 mərkəzdə keçirildiyini deyib.

 

"Bu il ölkə üzrə 10 min vakant yer uğrunda 60 000-ə yaxın namizəd mübarizə aparır. Bu sahəyə artan maraq, ümumilikdə müəllimlərin ildən-ilə yüksələn keyfiyyəti şagirdlərimiz, gənclərimiz üçün daha yaxşı təhsil imkanları təqdim etməyə fürsət olacaq. Hansı region üzrə daha çox bal yığanlar haqqında hələ tam məlumat yoxdur. Çünki imtahanlar hələ yekunlaşmayıb. Bitmiş imtahanlar üzrə təhlillər mövcuddur. Bütün imtahanlar yekunlaşdıqdan sonra ictimaiyyətə bu haqda məlumat verəcəyik”,- nazir müavini vurğulayıb.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. Bu gün imtahanların ilk seansına ibtidai sinif (Azərbaycan bölməsi), ikinci seansına isə ibtidai sinif (Azərbaycan/rus bölməsi), musiqi fənləri üzrə namizədlər dəvət olunub.

 

MİQ-in test imtahanı mərhələsində namizədlərə 150 dəqiqə vaxt verilir.

 

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək