Modern.az

Təhsil Nazirliyi qapadılmış Beynəlxalq Universitetin sənədlərini araşdırır

Təhsil Nazirliyi qapadılmış Beynəlxalq Universitetin sənədlərini araşdırır

26 İyul 2013, 16:00

“2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti dayandırıldıqdan sonra Universitetin sabiq rəhbərliyi tərəfindən yalnız tələbələrin qəbul əmrləri, diplom vermə kitabları və yazılmış, lakin sahiblərinə verilməmiş diplomlar nazirliyə təhvil verilib”.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşlarını sualları cavablandırılarkən bildirilib. Qeyd edilib ki, digər sənədlərin sayı və həcmi çox olduğundan və onların Təhsil Nazirliyinin arxivində yerləşdirilməsi mümkün olmadığı üçün universitetin arxivində saxlanılıb. “2012-ci ilin dekabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq zərurəti ilə bağlı ABU-nun binasında saxlanılan bütün sənədlər idarənin əməkdaşları tərəfindən götürülüb. Hazırda həmin sənədlər İdarənin müəyyən etdiyi yerdə saxlanılır”. 

Qeyd olunub ki, son altı ay ərzində ABU-nun məzun və tələbələri tərəfindən universitetin arxivində saxlanılan attestat və digər sənədlərin geri qaytarılması ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin sənədlərin sahiblərinə verilməsi məsələsinə köməklik göstərmək üçün Təhsil Nazirliyi tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət olunub: “Artıq sənədlərin sistemləşdirilməsinə başlanılıb. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin razılığı ilə müraciətləri əsasında təhsil sənədləri aşkar olunan şəxslər dəvət olunacaq və surəti şəxsi işlərində saxlanılmaqla onların təhsil sənədlərinin əsli özlərinə qaytarılacaq”. 

Eyni zamamda Anadolu Universitetinin Bakı filialı ilə bağlı verilən suala cavab olaraq bildirilib ki: “Anadolu Universiteti Türkiyənin qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Lakin bu universitetin Bakıdakı filialı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb, onun təhsil fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyib. Filialın qanunsuz fəaliyyəti barədə Təhsil Nazirliyi tərəfindən universitetin rəhbərliyinə, Azərbaycanın Türkiyədəki səfirliyinə müvafiq məktublar göndərilib.  Bildirilib ki, Türkiyənin Atatürk Universitetinin Azərbaycanda filialının yaradılması barədə də nazirlikdə məlumat yoxdur”.  

 

Aytən ƏLİYEVA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım