Modern.az

Respublikanın hərbi prokuroru: “Fərarilik cinayətləri artıb”

Respublikanın hərbi prokuroru: “Fərarilik cinayətləri artıb”

26 İyul 2013, 16:10



Hərbi prokuroru Xanlar Vəliyev iyulun 26-da Respublika Hərbi Prokurorluğunda 2013-cü ilin I yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirib.
Modern.az-ın məlumatına görə, iclasda X.Vəliyev bu ilin 6 ayında ordu birləşmələrində törədilmiş cinayətlər barədə danışıb. Bildirib ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında Müdafiə Nazirliyinin digər ordu birləşmələrində törədilmiş cinayətlər azaldığı halda, III ordu birləşməsində cinayətlərin sayı 21,2 faiz artıb.

X.Vəliyev deyib ki, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, fərarilik, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri artıb.
Hərbi prokurorun sözlərinə görə, 2013-cü ilin birinci yarısında hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, qəsdən adam öldürmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, qəsdən sağlamlığa ağır zərbə vurma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

X.Vəliyev bir daha qeyd edib ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım