Artıq Ramazan ayının 16-cı gününü yaşayırıq. İlk Qədr gecəsi ərəfəsidir. Bu ayda oruc tutan insanlar iftar süfrəsi açmağı da özünə borc bilir. Maraqlıdır, görəsən, siyasi partiyalar bu ayda iftar süfrəsi vermək haqqında düşünübmü? Növbəti günlərdə iftar süfrəsi vermək fikirləri varmı?
Modern.az bununla bağlı Azərbaycanda fəaliyyət göstərən bir neçə partiyadan cavab öyrənməyə çalışıb.
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev iftar süfrəsi ilə bağlı mərasimlərin davam etdiyini dedi. “Artıq Ramazan ayının yarıdan çoxu gedib. YAP-ın rayon təşkilatlarının böyük əksəriyyətində iftar süfrələri açılıb. Rayon səviyyəsində onlar münasib bildikləri adamları dəvət ediblər. Xüsusilə, iftar süfrələrinə oruc tutanlar, xüsusən də ehtiyacı olanlar dəvət ediliblər”.
Müsavat Partiyasının başqan müşaviri Yeganə Hacıyevanın sözlərinə görə, iftar süfrəsi verilən zaman insanlar arasında ayrı-seçkiliyə gətirib çıxarılmamalıdır. “Müsavat Partiyası hər il olduğu kimi, bu il də iftar süfrəsi verməyi planlaşdırır. Azərbaycanda siyasi elitadan, demokratik düşərgədən, ümumiyyətlə, digər partiyalardan da nümayəndələr dəvət etmək fikrimiz var. Biz iftar süfrəsini Ramazan ayının 3-cü ongünlüyünə nəzərdə tuturuq. İctimaiyyətin böyük bir hissəsini bura dəvət etməyi planlaşdırırıq. Müsavat Partiyası bu günə qədər regionlarda da iftar süfrəsi verib. Bu ay müsəlmanların müqəddəs ayıdır. İslam dini milli barışıq dini olduğu üçün hesab edirik ki, ürəyi istəyən hamı orda iştirak edə bilər. Biz dini iqtidar, müxalifətə bölmürük. İnsan olan hər bir kəs Allah qarşısında bərabərdir. Kimisə rənginə, baxışına, millətinə görə seçmək olmaz”.
Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov iftar süfrəsinin hər il Sərdar Cəlaloğlunun evində təşkil olunduğunu dedi. “Bizdə partiya rəhbərliyində də, Bakı şəhər təşkilatlarında da kifayət qədər dini qaydalara əməl edən insanlar var. Açığı, bu dəfə iftar süfrəsi vermək haqqında məlumatım yoxdur. Çox güman ki, olacaq. Ramazan ayının sonuna hələ çox var”.
AMİP-nın təşkilat katibi Nazim Ələsgərov partiyanın iftar süfrəsinə tanınmış simaların da dəvət edildiyini vurğuladı. “Təbii ki, partiyamız iftar süfrəsinə hazırlaşır. Yeri gəlmişkən, AMİP demokratik qüvvələr birliyinə daxildir. Orda 7 partiya təmsil olunur. 7 partiya arasında dəvətlilər olacaq. İftar süfrəsi konkret 7 partiya daxilində olacaq. ACP-dən Sülhəddin Əkbər, ALP-dən Əvəz Temurxanın, KAXCP-dən Mirmahmud Mirəlioğlunun komandası dəvətlilər arasında olacaq”.
Namidə BİNGÖL