Modern.az

“Yaza bilmirsinizsə, evdə oturub çayınızı için” - Şairlərdən qalmaqal yaradan yazarlara tövsiyə

“Yaza bilmirsinizsə, evdə oturub çayınızı için” - Şairlərdən qalmaqal yaradan yazarlara tövsiyə

26 İyul 2013, 17:45


Son 10 ildə Azərbaycan ədəbiyyatında yazarlar arasında münaqişələr baş alıb gedir. Özü də bu qarşıdurmalar birrəngli olmur. Yaxın keçmişə baxsaq görərik ki, yaşlı və gənc ədəbi nəsillər arasındakı polemika ilə yanaşı, eyni ədəbi nəslə aid olan yazarlar arasında da fikir ayrılıqları yaranır. Medianın da dəstək verdiyi bu çaxnaşmalar bəzən aylara ölkə gündəmini zəbt etmiş olur. Gündəmə olan maraqdan istifadə edərək bəzi media nümayəndələri  onu bir az da “inkişaf” etdirərək qalmaqalın artmasına yardımçı olublar.

Modern.az ədəbi aləmdə baş verən münaqişələrlə bağlı iki şairin rəyini öyrənib. Suallar budur: münaqişələr ədəbi proseslərin inkişafına necə təsir edir? İki yazar arasında baş verən konfliktlər ədəbi prosesi inkişaf etdirir, yoxsa elə iki fərdin lazımsız mübahisəsi kimi yadda qalır? Yaxud həmin tərəflərin şəxsi mənafeyinə hesablanmış işlərdi?  



Musa Yaqub:
“Konfliktlər, qalmaqallar hamısı şairin ilhamına mənfi yöndən təsir edən amillərdir. Qalmaqal heç vaxt ümumi işə xidmət etmir. Ağıllı başla fikirləşib qalmaqaldan, kindən uzaq, hiylədən uzaq bir aləm olmalıdır ki, müəyyən mübahisələr ədəbiyyata müsbət təsir edə bilsin. Amma bu qalmaqalların bir xeyri yoxdur. Qalmaqal sözün ucundan tutub ucuzluğa aparmaqdı. Ucuz söz qalmaqaldan doğur. Əsl söz isə ağıldan, müdriklikdən, tədbirdən doğur. Məhz, bu ədəbiyyata kömək edə bilər. Mənim özümdən götürsək qalmaqaldan uzaq olmuşam həmişə. Mənim yaradıcılığımda elə bir şey yoxdur. Sovet dövründə hələ BMT barədə şeir yazmışdım. Sanki onun fəaliyyətini qabaqcadan görürdüm. İndi oxuyanda şeirdə həqiqət olduğunu görürəm. İndi də o mövqedəyəm. Şeir, söz, sənət Allahdan gələn bir istilahdır. Qalmaqal anlayışını bunlara yaxın buraxmaq olmaz”.



Vahid Əziz:
“Sualını kim qalmaqal salırsa ona versən yaxşı olar. Qoy onlar özləri cavab versinlər. Kim yaza bilmir, başlayır qalmaqala əl atmağa. Mən həmişə yazmışam. Heç vaxt qalmaqalla işim olmayıb. Yaza bilməyəndə də evdə oturub çayımı içmişəm”.  

Elmin Nuri      
Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım