Bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanları başa çatıb. May ayında start verilən imtahan prosesi iyunda yekunlaşıb. İki mərhələdə təşkil ounan qəbul imtahanlarında 700 ballıq rekord nəticə qeydə alınmayıb.
Bəzi ekspertlərin fikrincə, imtahan suallarının çətin olması abituriyentlərin yüksək bal toplamasına əngəl olub.
Ümumilikdə qəbulun birinci və ikinci cəhdini necə qiymətləndirmək olar? İxtisas qrupları üzrə imtahanlar arasında fərq nədən ibarətdir?
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov builki qəbul imtahanlarında yüksək nəticələr müşahidə olunmadığını, əvvəlki illərlə müqayisədə yüksək bal toplayanların sayının azaldığını bildirib.
“Son üç ildə olan qəbul imtahanlarını təhlil edəndə görürük ki, illər keçdikcə geriləmə müşahidə olunur. Bu da təhsil sisteminin idarə olunmasındakı boşluqlardan irəli gəlir. Təhsilin təşkilindəki problemlər ali məktəblərə qəbul imtahanlarının nəticələrinin aşağı düşməsinə bilavasitə öz təsirini göstərir. Əvvəlki illərdə abituriyentlərin qəbul nəticələri daha yüksək idi, hətta ciddi rəqabət mühiti vardı. Artıq daha aşağı ballarla ali məktəblərə qəbulun mümkünlüyü orta məktəblərdə təhsilin aşağı səviyyədə olması ilə bilavasitə bağlıdır”, - o vurğulayıb.
Ekspert qəbuldakı test suallarının dəfələrlə istifadə edildiyini və birinci imtahanla ikinci cəhd imtahanlarının fərqlənmədiyini sözlərinə əlavə edib:
“İkinci imtahanda abituriyentlər daha hazırlıqlı idilər. Çünki birinci imtahanda onlar məktəbə gedirdilər, hətta digər məsələlərlə məşğul idilər. İkinci imtahanda onların kifayət qədər vaxtları var idi ki, öz ixtisas biliklərini artırsınlar. Bal fərqlərinə baxanda artımlar müşahidə olunur, amma kəskin fərq yoxdur”.
Ekspert Namiq Hacıheydərli isə bu il imtahan vermiş abituriyentləri son illərin ən şanslıları hesab edərək, imtahan suallarının çətin olmadığını qeyd edib.
“Hesab edirəm ki, qəbul intahanlarının hər iki mərhələsi uğurla yekunlaşdı. Sualların çətin olduğunu deyə bilmərik. Hazırlıqlı abituriyentlər kifayət qədər yüksək nəticə göstərməyi bacardılar. Bu il nəzərdə tutulan qəbul yerlərinin təxminən əlli faizi dövlət sifarişi əsasında ödənişsiz olacaq. Bu da imkan verir ki, hətta əlli faizdən aşağı nəticə göstərən abituriyentlərin böyük hissəsi ödənişsiz təhsil alsın. Bundan əlavə, bəzi ixtisas qruplarında keçid ballarının 30 bala qədər aşağı salınacağı gözlənilir”.
Jalə Rövşən