Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edib. Modern.az saytının məlumatına görə, nazirliyin bununla bağlı elanında deyilir:
- XXI əsr informasiya texnologiyaları, informasiya cəmiyyəti əsridir. Əgər siz bu cəmiyyətin qurucusu olmaq istəyirsinizsə, İnformasiya Texnologiyaları Universitetini seçin.
İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2013-cü il tarixli Sərəncamı ilə yaradılıb və 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirəcək:
Ø İnformasiya təhlükəsizliyi
Ø Kompüter elmləri
Ø Kompüter mühəndisliyi
Ø İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.
Ünvan: AZ1008 Bakı şəh., Əhmədbəy Ağaoğlu küçəsi, 11 (“Gənclik”
metrosunun yanı).
Abituriyentlər İT Universitetini seçməklə əlavə olaraq əldə edirlər:
· 600-dən yuxarı bal toplamış hər bir abituriyentə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərəfindən 1 NOTEBOOK ;
· Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı;
· Universitetin məzunlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması;
· Universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilməsi;
· Müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.)