Modern.az

Hamıya, hamıya, hamıya: Susmayaq!!!

Hamıya, hamıya, hamıya: Susmayaq!!!

2 Avqust 2013, 16:40

Elşad PAŞASOY

 

Güney Azərbaycandan yenə də həyəcanlı xəbərlər gəlir. Ruhaninin prezident seçilməsindən sonra 35 milyonluq türk toplumunun həyatında ciddi dəyişikliklərin  olacağına dair gözləntilər özünü doğrultmadı. Əhmədinejad kimi Ruhani də Təbriz başda olmaqla Güneyin iri şəhərlərində Azərbaycan türklərinə təbii haqlarını alacaqları barədə vədlər verib prezident kürsüsünə qalxandan sonra qan qardaşlarımızın durumu daha da ağırlaşıb.

  Necə ki, Güney Azərbaycan Səttarxanın, Xiyabaninin, Pişəvərinin başlatdığı inqilablar dönəmində, sonda da 1979-cu ildə aldadılmışdı. Azərbaycanlılar İran Konstitusiyasının verdiyi ana dilində təhsil almaq hüququndan belə bəhrələnə bilmədi bu dəfə də. Hansı ki, islahatçı prezidentin dövründə buna azca ümid yaranmışdı. Ancaq budur, hələ Ruhani inaqurasiya mərasimini keçirməyib, ancaq azərbaycanlılara öz gücünü göstərməyə başlayıb, ötən illərdə külli miqdarda girov müqabilində həbsdən buraxılan azərbaycanlı hərəkatçılar kütləvi şəkildə məhkəmələrə çağırılır, barələrində uzun müddətli həbs qərarları çıxarılır. Güneyli liderlərdən biri, Ərdəbil sakini Abbas Lisani son iki həftədə ikin dəfə məhkəməyə çağırılıb. ETTELAAT dəfələrlə zindanlara salınan, uzun müddət həbsdə yatan Lisanini hərəkatçını “Çənli Bel” adlı anti-hökumət qurum yaratmaqda ittiham edib. Bakıdakı 80-ci illərin “Çənlibel”ini xatırlayırsınızmı? Sizə elə gəlmirmi eyniadlı təşkilatın yaradılması təsadüfi deyil? Bəlkə qardaşlarımıza mənəvi dəstək verək. Hardadır keçmiş “Çənlibel”lilər?     

İranda 170-dən artıq məhbusu ölüm cəzası gözləyir ki, onların arasında saxta ittihamlara tuş gələn onlarla soydaşımız da var. Axı, onlar bizdəndir, bizimkidir, yad deyil.?   Ən təhlükəlisi odur ki, bu gün Güneyi kürd problemi də təhdid edir. 2006-cı ildə türklərin İran qəzetində təhqirinə etiraz olaraq üsyan edən, onlarla şəhid verən qəhrəman Sulduz vilayətinin Sultan Yaqub gəzinti bölgəsinin cənubluların tətillərdə gəzinti bölgəsi olan on hektarlarla meşə sahəsi kürd terrorçuları tərəfindən yandırıb. Bu, Güneydə ekoloji fəlakət yaratmaqla bu ərazilərin sahiblərinin didərgin salınmasına hesablanıb.   Urmiya gölünün 75 faiz ərazisinin qurudulması nəticəsində 14 milyon azərbaycanlının həyatına yaradılan təhlükə də bu niyyətlə edilib. Bu layihələr sözsüz ki, İran strateqləri tərəfindən Tehranda hazırlanır. Əgər belə olmasaydı, illərdir Urmu gölünü xilas aksiyaları keçirənlərin sözünü eşidərdilər, daha meydana çıxan minlərlə insanı zindanlara doldurmazdılar. Guya ki, İran hakimiyyəti tədbir tökməyə başlayıb, Araz çayından Urmiyaya qol ayırmağa qərar verilib. Ancaq Güney bu dəfə də aldadıldığını anlayır. Urmiya gölündəki ekoloji fəlakətlə bağlı bölgədə yerləşən 7 şəhər böyük təhlükəylə üzləşib. İranın Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün qurumasının hövzənin ətrafında yerləşən 7 şəhərin artezian quyularına ciddi təsir göstərdiyini və quyuların suyunun şorlaşmasının artmasına gətirib çıxardığını söyləyib. Bu fəlakətə Azərbaycanın heç olmasa ekoloqları reaksiya vermir, hələ rəsmi qurumları demirəm. 

Təbrizin İran parlamentindəki deputatı  Rza Rəhmani “dövlət Urmiya gölünü qurtarmaq üçün heç bir real addın atmadı, bütün vədlər və təməlqoyma mərasimləri ancaq kütləvi informasiya vasitələri üçün hesablanıb” deyib. Haqlıdır, bu layihə illər öncə icra olunmalı idi və bunun üçün büdcə də ayrılmışdı. Azərbaycanlılar bölgədən kütləvi köç edəcəksə, artıq problem də olmayacaq. Fars şovinizmi də bunu istəyir, türkün qanına susayan erməni də, PKK kürdü də. Güneydə keçən il dəhşətli zəlzələ oldu, İran hətta zəlzələ qurbanlarına yardımların da qarşısını kəsdi, yardım toplayanları həbsə atdı. Sizcə, bunun adı nədir?   

Cənubdan gələn xəbərlərə diqqət edin: Nəmin İnqilab Məhkəməsi Babək Roğənini “Facebook”da İranın milli təhlükəsizliyinə xələl gətirməkdə günahlandırılaraq 2 milyon tümən cərimə edib; mədəni şikayətlərinə baxılmadığına görə, 22 yaşlı Məhəmməd Qənbəri İran parlamenti qarşısında özünü yandırıb, parlament sədri Əli Laricani isə həlak soydaşımızı təhqir edərək, onu narkoman (mötad) adlandırıb; milli fəallar Yədulla (Elman) Dəşti, Əli Hidayəti və Ramin Rzayi ifadə vermək üçün avqustun 3, 4 və 5-də Soyuqbulaq İnqilab Məhkəməsinə çağırılıb. Onlar hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda günahlandırılırlar; təhlükəsizlik qüvvələri 2 illik həbsdən yeni çıxmış Səhənd Məali və qardaşı Səidi yaxalayıb, onlar sistemin əleyhinə təbliğatda ittiham edilir; azərbaycanlı milli-mədəni fəal, Xoy sakini, tanınmış millətçilərdən biri, “Avrin-i Xoy” və “Aydın Səhər” təşkilatının üzvlərindən  biri Səccad Səfərzad müəmmalı şəkildə dünyasını dəyişib. İranda hərəkatçıların bir qismi də belə səssiz aradan götürülür.

 

Avqustun 1-də Bakıda “Qarabağ”ın 89-cu dəqiqədə vurduğu zəfər qolu qələbəyə təşnə olan qəlbimizi coşdurdu, hamılıqla “Qarabağ” hayqırdıq. Həmin anlarda qardaş Türkiyənin “Trabzonspor”futbol komandasının Minsk Dinamosunu  yenməsi də gözəl oldu. Ancaq axı həmin gün ayrı qardaşlarımız da oynayırdı: Təbrizin “Traxtur” və “Qostəreşe Fulad” taqımları meydanda top qovurdu. Stadionda “Yaşasın Azərbaycan!” sədaları ucalırdı, biz “Qarabağ!” hayqıranda. Elə isə niyə biz bu oyundan xəbərsiz qalmalıyıq? Hanı Azərbaycanın idman saytları, kanalları? Nədən idman xəbərlərində Təbriz futboluna yer yoxdur?     

Neçə gündür İranda 9 il azadlıqdan məhrum edilmiş azərbaycanlı fəallar Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmə hökmünə və qeyri-insani münasibətə etiraz olaraq aclıq edir. Fars rejimi üst-üstə 45 il həbs cəzası verilən qardaşlarımızın tələblərini yerinə yetirmək əvəzinə, onları Təbrizin mərkəzi həbsxanasından Tehran şəhərinin Evin həbsxanasına, daha sonra isə Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına köçürüb. Güney Azərbaycanın Təbriz, Mərənd və digər şəhərlərində onların azadlığa buraxılması üçün bildirişlər yayılıb, divarlara şüarlar yazılıb, eyni zamanda imzatoplama kampaniyası başladılıb. Fəallar da ölümün ədalətsizliyə boyun əyməkdən daha şərəfli olduğunu deyiblər. Bəs, Azərbaycanın quzeyi niyə susur, niyə laqeydik? Düzdür, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Əhməd Obalı, Mahmud Bilgin kimi dəyərli siyasətçi və ziyalılarımız artıq Güneydə aksiya keçirən, hətta yeməkdən imtina ilə bağlı ağızlarını tikmək qərarı verən qardaşlarımıza dəstək verib, onlara müraciət edərək aksiyanı dayandırmağa çağırıblar. Ancaq bu aksiya 50 milyonluq Azərbaycanın bir saylı problemi olmalı, bütün ziyalıların səsi eşidilməli, mətbuat bundan yazmalı, beynəlxalq qurumlara müraciətlər edilməlidir.   Niyə bizim hüquq müdafiəçilərimiz BMT, ATƏT, Beynəlxalq Əfv Təşkilatı və digər qurumlara müraciət edib Güney Azərbaycana diqqət cəlb eləmir? Bəlkə bu müraciətlərə qrant ayrılmır, ona görə..?   

Azərbaycanlı bəstəkar, 60-dan çox yaşı olan Həsən Dəmirçi Təbriz İnqilab Məhkəməsinin hökmü ilə 6 ay azadlıqdan məhrum edilib. “Günah”ı: “Azərbaycan türklərinin problemləri ilə bağlı keçirilən iclaslarda iştirak etmək, İran dövlətinin icazəsi olmadan Qaradağ zəlzələsindən zərər çəkmiş insanlara köməklik göstərmək və ianə toplamaq, musiqi kursları təşkil etmək, Azərbaycan musiqisini tədris etmək, ölkə daxilində və xaricindəki istiqlalçı (“separatçı”) qüvvələrlə əlaqədə olmaq və həbsxanadan çıxan azərbaycanlı siyasi məhbusların qarşılanma mərasiminə getmək”dir. Bizim Bəstəkarlar İttifaqının niyə etirazı yoxdur.   

Azərbaycanlıların milli-mədəni hüquqları mövzusunda türk dilində səsləndirdiyi tənqidi şeirləri ilə tanınan Əli Cabbari həbs edilib. Azərbaycan Yazıçılar Birliyi niyə etiraz səsini qaldırmır? Sovet dövründə Süleyman Rüstəm “Təbrizim” yazırdı, Bəxtiyar Vahabzadə Şəhriyara məktub ünvanlayırdı, Araz həsrəti hər birimizin ruhuna hopmuşdu. İndiki şairlər nədən Güneydəki şairlərin faciəsindən belə yazmır? Fədakar jurnalist Səid Mətinpur nə vaxtdır Tehranın Evin həbsxanasında cəza çəkir. Günahı milli məsələlərdən yazmasıdır. Niyə bizim jurnalist birlikləri onunla bağlı bircə bəyanat vermir?    

Kimsə deməsin ki, Azərbaycanın Qarabağ  işğalda ola-ola Təbrizdən danışmayın. Kimsə NİDA-çıların, digər dostların zindanda olduğunu xatırladıb Arazın o tayına boylanmağımızı irad tutmasın. “Atları yəhərləyin” filmində Qaçaq Nəbinin şahənşahın fərmayişini yerinə yetirən qulluqçuya dediyi bir ifadə var: “İran Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin o başı, bu başı olmaz! Bunu sırğa elə as qulağından!” Bəli, bu gün bir güneylinin burnu qanayırsa, bunun bizə birbaşa dəxli var. Təkcə ona görə yox ki, biz parçalanmış vətənin övladlarıyıq. Həm də ona görə ki, insan haqları heç bir ölkənin işi deyil. Bunu həm də beynəlxalq qanunlar deyir. Hardadır bizim siyasi partyalarımız, “mən Güney məsələsi ilə məşğulam” deyib burdakı proseslərdən kənarda qalanlarımız, Milli Şura niyə 35 milyonun səsinə səs verməsin, Rüstəm İbrahmbəyov güneylilərə səslənməsin? Bəlkə vaxtdır səsimizi qaldıraq, susmayaq...   

Susmağa haqqımız yox. Söhbət 200 il öncə “Gülüstan”, 185 il əvvəl “Türkmənçay” müqaviləsi ilə bölüşdürülən Böyük Vətənin ağrı-acısından gedir...

P.S. Yazı AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dari təbliğatın aparılması” layihəsi çərçivəsində dərc olunur.

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı