Modern.az

BAXCP Ali Məclisinin çağırılmasına qərar verdi

BAXCP Ali Məclisinin çağırılmasına qərar verdi

Təhsil

5 Avqust 2013, 15:12


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə edilib.

İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Güney Azərbaycanda yaşayan və sayı 35 milyondan çox olan Azərbaycan türklərinin milli-mədəni hüquqlarını dinc yolla müdafiə etdiklərinə görə, qanunsuz olaraq həbsə atılan və rejimin insan hüquq və azadlıqlarına zidd davranışlarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirən Yeni GAMOH təşkilatının liderləri Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrlə bağlı olub.   Qeyd olunub ki, soydaşlarımızın hüquqları uğrunda mübarizə aparan milli fəallar artıq bir aya yaxındır ki, aclıq aksiyası keçirirlər və fasiləsiz davam edən aksiya nəticəsində onların səhhətində ciddi problemlər yaranıb:

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Güney Azərbaycan türklərinin hüquq və azadlıqları uğrunda yorulmadan mübarizə aparan Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrin fədakarlığını yüksək dəyərləndirir və onları millətimizin gələcəyi naminə mübarizələrini davam etdirmələri üçün aclıq aksiyasını dayandırmağa çağırır". BAXCP hesab edir ki, milli fəallarımız dözümün, qətiyyətin və fədakarlığın ən yüksək nümunəsini nümayiş etdirməklə millətimizin qürur yerinə çevriliblər: "Lakin fədakar soydaşlarımızın sağlamlığı bütün Azərbaycan türkləri üçün mühüm əhəmiyyət kəsb edir və xalqımızın onlara böyük ehtiyacı var".

BAXCP İslamın müqəddəs dəyərlərindən öz antihumanist mahiyyətini pərdələmək üçün istifadə etməyə çalışan İran rejimindən Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarına sayğı ilə yanaşmağa, repressiyalara, təzyiq və təqiblərə son qoymağı tələb edib. BAXCP bütün beynəlxalq təşkilatları İranda baş verən proseslərə diqqətlə yanaşmağa, İranın mövcud rejiminin sayı 35 milyondan çox olan Güney Azərbaycan türklərinə qarşı həyata keçirdiyi repressiyalara "yox" deməyə, rəsmi Tehrandan siyasi məhbusların tez bir zamanda azad olunmalarını tələb etməyə çağırıb. İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ isə partiyanın prezident seçkilərinə hazırlığı ilə bağlı olub.

Qeyd olunub ki, artıq Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin keçiriləcəyi tarixi elan edib və avqustun 9-dan etibarən seçki kampaniyasına start verilir. Bu baxımdan və BAXCP-nin sonuncu qurultayının qərarına uyğun olaraq partiyanın Ali Məclisinin sessiyası çağırılmalı və BAXCP-nin seçkilərdə iştirakı barədə yekun qərar verilməlidir. Müzakirələrin nəticəsi olaraq, BAXCP Ali Məclisinin 11 avqust 2013-cü il tarixdə çağırılması ilə bağlı qərar qəbul edilib. Ali Məclis öz işinə saat 11:00-da BAXCP-nin mərkəzi mənzil-qərargahında başlayacaq. İdarə Heyətinin iclasında Ali Məclisin müzakirəsinə çıxarılacaq bir sıra məsələlər, o cümlədən partiyanın ayrı-ayrı strukturlarının əsasnamələrinə və reqlamentlərinə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər də müzakirə olunub.
Xatırladaq ki, BAXCP-nin sonuncu - III Qurultayında partiyanın sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR