“Seçkinin nəticələri haqqında qabaqcadan proqnoz vermək çox çətindir. Ola bilsin ki, Rəsul Quliyev Azərbaycana qayıtsa, həqiqətən də seçkilərdə qalib gələ bilər”. Bunu Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu eks-spiker Rəsul Quliyevin Azərbaycana dönəcəyi təqdirdə seçkiləri udacağı ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Amma bu “gəlsə” şərti onun özünün də qalib gəlməsini əminliklə səsləndirməsini şərtləndirir. Çünki özü də bilir ki, gələ bilməyəcək”-deyə S.Cəlaloğlu qeyd edib. ADP sədrinin sözlərinə görə, buna baxmayaraq seçkilərdə istənilən nəticə ortaya çıxa bilər. O bəzi ölkələrin tarixindən misal gətirərək bildirib ki, bəzən heç kəsin gözləmədiyi bir namizəd qalib olur.
“Rəsul Quliyevin əminliklə seçkilərdə qalib olma fikrini səsləndirməsi, yenə deyirəm onun ölkəyə qayıtmaq şansının az olması ilə bağlıdır”-deyə ADP sədri qeyd edib.
S.Cəlaloğlu onu da əlavə edib ki, bəzən xalq bir xainə də səs verib onu ölkə başçısı seçə bilər. “Elə vaxt olur ki, xalq ağıllıya səs vermir, ən ağılsızını seçir. Bu baxımdan seçkilərin nəticələri haqqında dəqiq fikir demək olmaz. Mən özüm on il Rəsul Quliyevlə iş aparmışam. Bilirəm ki, həqiqətən Rəsul Quliyevin xarizması var. Xalq Rəsul Quliyevə qarşı ittihamlar səsləndirilməsinə baxmayaraq, onu asanlıqla qəbul edə bilər”.
Xatırladaq ki, keçmiş spiker, ACP lideri Rəsul Quliyev Modern.az-a açıqlamasında əminliklə bildirib ki, seçkilərdə iştirak etsə qalib gələcək.
Aqşin Kərimov