
VHP-nin millət vəkili Sabir Rüstəmxanlının Milli Şuranın prezidentliyə vahid namizədi olması ilə bağlı irəli sürdüyü təklif siyasi gündəmdə birmənalı qarşılanmayıb. Rüstəm İbrahiməboyov tərəfdarları buna etiraz ediblər. Milli Şura üzvləri millət vəkili Sabir Rüstəmxanlının namizədliyinə birmənalı şəkildə “yox” deyərək bundan sonra da İbrahimbəyovu dəstəkləyəcəklərini bəyan ediblər. Hətta, eks-spiker Rəsul Quliyev də
Modern.az-a açıqlamasında VHP sədrinə iradını bildirərək, onun namizədliyinin Milli Şuradan verilməsinin yolverilməz olduğunu qeyd edib. Haqqında davam edən müzakirələrə S.Rüstəmxanlıdan münasibət öyrənməyə çalışdıq. Partiya sədri ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı. VHP-dən S.Rüstəmxanlının hazırda Azərbaycanda olmadığı bildirilib. Qeyd edilib ki, partiya sədri bu söz-söhbətlərdən xəbərsizdir.
Partiyadan həmçinin bildirilib ki, özü barəsdə təklifə S.Rüstəmxanlı da sərt reaksiya verib və o, sabah Türkiyədən Bakıya qayıtdıqdan sonra bu məsələlərə münasibət bildirəcək.
Təklifin müəllifi – VHP-nin Milli Şuradakı təmsilçisi Samir Əsədli Modern.az-a açıqlamasında Sabir Rüstəmxanlıya etirazların doğru olmadığını deyib. “Mən qəbahətli heç nə deməmişəm. Bu mənim şəxsi düşüncəmdir. Heç kim buna irad tuta bilməz. Fikrimi də izah etmişəm”.
Anar RÜSTƏMOV