Ali məktəblərin bakalavr pilləsinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi artıq başa çatıb. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ümumilikdə 70301 abituriyent ixtisas seçimi edib. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin bu həftənin sonuna kimi elan olunacağı gözlənilir.
I qrupda 21750 nəfər, II qrupda 16323 nəfər, III qrupda 19773 nəfər, IV qrupda 5774 nəfər, V qrupda isə 9726 nəfər ixtisas seçimi edib.
Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında abituriyentlərin builki ixtisas seçimini və onların ali məktəblərə qəbul olma şanslarını müqayisə edib.
"Qeyd edim ki, bu il keçirilən qəbul imtahanları formatında edilən dəyişikliklə yadda qaldı. Bu dəyişiklik l qrupda daha çox hiss olundu. Sualların modellərində edilən dəyişiklik, həmçinin ümumi struktur dəyişiklikləri qəbul imtahanlarından sonra ixtisas seçiminə də bilavasitə təsir göstərdi. Biz ixtisas qrupları üzrə nəticələrə baxanda gördük ki, l qrupu bu ilin ən xoşbəxt qrupu adlandıra bilərik.
Bu il l ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 18386-dır. Bu da keçən illə müqayisədə 2000-dən çox yerin artımı deməkdir. Diqqət çəkən məqam odur ki, l qrupda 13346 yer dövlət sifarişli, pulsuz ixtisaslardır. Bu il vəziyyətin müəyyən qədər gərginliyi riyaziyyat-informatika alt qrupunda idi. Burada dövlət sifarişli plan yerlərinin sayı çox idi, buna baxmayaraq rəqabətin daha çox yaşanacağı altqrupdur. Bu il ən çox tələbə l ixtisas qrupu üzrə ali məktəblərə qəbul olmaq imkanına nail olacaq.
ll ixtisas qrupunda vəziyyət fərqlidir. Bu il ll ixtisas qrupu üzrə ali məktəblərə 13285 plan yeri ayrılıb, onun 4325-i pulsuz yerlərdir. Azərbaycan bölməsinə 10190 nəfər, rus bölməsinə 555 yer ayrılıb. Subbakalavrların ll ixtisas qrupu üzrə daha çox tələbə olma şansları var. Kifayət qədər boş qalan yerlər də ola bilər.
lll ixtisas qrupunda plan yerlərindəki dəyişiklik abituriyentlərdə müəyyən qədər çətinlik yaradacaq. Ümumilikdə, lll qrup üzrə ali məktənlərə 16067 nəfər qəbul olunacaq ki, onların da 4265-i pulsuz oxuyacaq.
lll qrup l qrupdan sonra ən çox tələbənin qəbul olacağı qrupdur. Amma burada pulsuz oxuyacaq olanların sayı azdır. Ümumilikdə, plan yerlərində cüzi artım var.
IV ixtisas qrupunda digər qruplarla müqayisədə həmişə gərginlik, narahatlıq olub. Tibb ixtisaslarına qəbulda abituriyentlər müəyyən qədər çətinlik yaşayırlar, amma bu il tibb ixtisası üzrə plan yerlərinin ciddi artımını gördük. Həmçinin, ödənişsiz yerlərin sayı da artıb. Tibb ixtisasında 90%-ə yaxın tələbə pulsuz təhsil alacaq. Ümumilikdə ən az tələbə lV ixtisas qrupu üzrə qəbul olunacaq. lV ixtisas qrupu üzrə abituriyentlərdən cəmi 4100-ü tələbə ola biləcək ki, onun da 3045-i pulsuz oxuyacaq.
V qrupda bu il müxtəlif yeni ixtisasların olması tələbələrin marağını artırıb. Həmçinin, qabiliyyət imtahanlarının şəffaf keçməsi bura daha bacarıqlı şəxslərin qəbul olunmasına gətirib çıxarcaq. Hesab edirəm bu, yaxşı haldır. Bu il ümumilikdə ali müəssisələrin bakalavr pilləsinə 55800-ə yaxın tələbənin qəbul olunması gözlənilir".
Təhsil eksperti Elçin Əfəndi də builki ixtisas seçiminin ötən illərə nisbətən daha gərgin keçdiyini bildirib:
“İxtisas seçimi prosesi əvvəlki dövlərə nisbətən bu il daha gərgin keçdi. Təəssüflər olsun ki, xüsusən valideynlərdə ixtisaslar barədə müfəssəl məlumat yoxdur. Eyni zamanda, onlar övladlarının topladığı bala uyğun deyil, daha yüksək keçid ballı ixtisaslara sahib olmaq istəyirlər. Bu ümumi prosesin gərginliyinə birbaşa təsir edən faktor idi”.
Ekpert bildirib ki, bu il də I qrupun abituriyentləri daha şanslıdır:
“Düşünürəm daha şanslı qrup I ixstisas qrupudur. Baxamayaraq ki, bu qrupda plan yerlərlərinə nisbətən mübarizəyə qatılan abituriyent sayı daha çoxdur. Həm RK (riyaziyyat-kimya) altqrupunda, həm də Rİ (riyaziyyat-informatika) altqrupunda vəziyyət belədir. I qrupun planında kifayət qədər dövlət sifarişli yerlər ayrılıb.
Digər şanslı qrup kimi IV ixstisas qrupunu göstərmək istəyirəm. Plan yerlərinin çox hissəsi dövlət sifarişlidir.
II ixtisas qrupunda aşağı bal toplayanların böyük əksəriyyəti ali təhsil müəssisələrinə qəbul oluna biləcəklər.
Həmişə olduğu kimi şansız qruplar III və V qruplardır. Burada plan yerləri ilə müqayisədə müsabiqəyə buraxılan abituriyent sayına nəzər yetirdikdə, demək olar ki, kənarda qalan abituriyent çox olacaq. Eyni zamanda, dövlət sifarişli yerlərin sayı azdır. Ona görə də ehtimal edirəm ki, müraciət və plan yerlərini nəzərə alsaq ən çox müsabiqədən kənarda qalan III qrupun abituriyentləri olacaq.
I, II, IV qruplarda isə vəziyyət daha yaxşı olacaq. II qrupda subbakalavrların şansları daha çoxdur. Digər qruplara nəzərən V qruplarda subbakalavrlar daha az müraciət edib”.
Təhsil eksperti Namiq Hacıheydərli hansı ixtisaslar üzrə qəbul şansının daha çox olma ehtimalından danışıb:
“I və IV ixtisas qrupları üzrə hər hansı ciddi dəyişiklik və ya fərq gözlənilmir. Lakin II və III ixtisas qrupları üzrə əvvəlki illərdən fərq olacaq. Belə ki, II ixtisas qrupu üzrə keçid balları aşağı düşə, III ixtisas qrupu üzrə isə keçid ballarının artırılması zərurəti yarana bilər.
II ixtisas qrupu üzrə 300 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişsiz əsaslarla oxumaq şansı qazana bilərlər.
III ixtisas qrupu üzrə isə 400-dən artıq bal toplayan bəzi abituriyentlər ödənişli əsaslarla oxuyacaq”.