Azad Qarabağ Uğrunda Alyans Moldova ombudsmanı Aureliya Qriqoriu ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “Moldovada ombudsman Aureliya Qriqoriuya qarşı təzyiq və təhdid kampaniyasını qətiyyətlə pisləyirik. İşğalçı dövlətə qarşı cəsarətli və prinsipial mövqe tutan, soyqırımı faktı ilə bağlı həqiqəti deməkdən çəkinməyən şəxsə dair məsələ bu və ya digər ölkənin daxili işi ola bilməz. Aureliya Qriqoriu həqiqəti deyib, prinsipiallıq və obyektivlik nümayiş etdirib. Ona qarşı hər hansı təzyiq yolverilməzdir. Hesab edirik ki, Moldova rəhbərliyi ona qarşı təzyiq və təhdid kampaniyası təşkil etməklə erməni lobbisinin sifarişini yerinə yetirir.
Moldova rəhbərliyi erməni lobbisinin təsiri altından çıxmağa özündə güc tapmalı və Aureliya Qriqoriuya qarşı rüsvayçı təzyiq və təhdid kampaniyasına son qoymalıdır. Moldovadakı Azərbaycan diasporu cəsarətli və prinsipial ombudsmana qarşı erməni fitnəkarlığının zərərsizləşdirilməsi üçün təcili və təsirli addımlar atmalıdır. Azərbaycan hökuməti Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmağa özündə cəsarət tapmış, haqq işimizi müdafiə etmiş bir xanıma divan tutulmasına imkan verməməli, onun müdafiəsi üçün bütün vasitələrdən istifadə etməli, beynəlxalq təşkilatların diqqətini dərhal bu məsələyə cəlb etməlidir. Azərbaycan hökuməti Aureliya Qriqoriunun ölkəyə dəvət olunması, ona siyasi sığınacaq, hətta vətəndaşlıq hüququnun verilməsini mümkün variantlardan biri kimi nəzərdən keçirməlidir. Azərbaycan hökuməti Moldova ilə münasibətlərinə, əməkdaşlıq əlaqələrinə yenidən baxmaq haqda da düşünməlidir”. Məlumatı Qarabağ Azadlıq Təşkilatı yayıb.Aureliya Qriqoriu ötən ay Ermənistanda keçirilən beynəlxalq konfransda bu ölkənin parlamentində çıxışı zamanı Azərbaycan torpaqlarının işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söyləyib.
Modern.az