Modern.az

Xaricə gedən 428 tələbəmiz: Hansı ölkələri, hansı ixtisasları seçirlər... - ARAŞDIRMA

Xaricə gedən 428 tələbəmiz: Hansı ölkələri, hansı ixtisasları seçirlər... - ARAŞDIRMA

28 Avqust 2023, 11:22

Ötən ilin fevral ayında təsdiq edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” iştirakçıları artıq müəyyən olunub. Elm və Təhsil Nazirliyi 2023–2024-cü tədris ilində proqram çərçivəsində xaricdə təhsil alacaq tələblərin adlarını açıqlayıb.

 

Dövlət Proqramı dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 575 bakalavriat və 3 551 magistratura olmaqla, ümumilikdə 4 126 təhsil proqramını əhatə edir. Prioritet ixtisaslar informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatıdır.

 

Modern.az siyahılara əsasən tələbələrin hansı ölkələrə və hansı ixtisaslara gedəcəyi ilə bağlı araşdırma aparıb.

 

Nazirlik 381 və 47 nəfər olmaqla ümumilikdə xaricdə təhsil alacaq 428 nəfərin adı olan iki siyahı yayımlayıb. Onlarda 74-ü xaricdə bakalavr, 354-ü isə magistratura pilləsində təhsil alacaq.

 

Siyahıdan məlum olur ki, azərbaycanlı tələblərin proqram çərçivəsində ən çox üz tutduğu ölkə Britaniyadır. Belə ki, xaricdə təhsil alacaq gənclərdən 259-u və ya 60%-dən çoxu bu ölkəyə gedəcək.

 

Proqram çərçivəsində azərbaycanlı tələbələrin ən çox üz tutduğu ikinci ölkə Türkiyədir. Nazirliyin təsdiq etdiyi siyahıda olan 59 gənc qardaş ölkədə təhsil alacaq. 55 tələbəmiz isə təhsilini ABŞ-da davam etdirəcək. Qalan tələbələrin üz tutduqları istiqamətlər əsasən Avropa ölkələri, Sinqapur, İsrail, Avstraliya və digər ölkələrdir.

 

Tələblərin müraciət etdiyi ixtisaslar da olduqca maraqlıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi bu il də humanitar sahələrə üz tutanlar olduqca azdır. Əsas istiqamətlər mühəndislik, iqtisadiyyat və maliyyə, informasiya texnologiyaları (data), müasir texnologiyalar (robot, süni zəka), menecment və dövlət idarəetməsidir. Siyahıda olan tələbələrin 100-dən artığı mühəndislik ixtisasına müraciət edib.

 

Proqram iştirakçılarının qəbul olduğu universitetlər nüfuzlu ali təhsil ocaqlarıdır. Cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 10 nəfər Harvard Universitetində,  2 nəfər Massaçusets Texnologiya İnstitutunda, 2 nəfər Yeil Universitetində, 8 nəfər London İmperial Kollecində və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.
 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?