"Bu gün övladımız Nihadla bağlı sevindirici xəbər aldıq. Nihad bu il Bakı Oksford Məktəbini yüksək qiymətlərlə bitirdi, böyük arzumuz İstanbul Texniki Universitetində, ya da ADA Universitetində təhsil alması idi. Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı”.
Modern.az-ın məlumatına görə, bunu “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova bildirib.
Onun sözlərinə görə, oğlu Nihad Oruclu ADA Universitetinin kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin kompüter mühəndisliyi ixtisasları üzrə üç ali məktəbə qəbul olunub.
S.Orucova bu uğurlu yolda Nihada dəstək olan müəllim heyətinə, imtahanlara hazırlaşmasında dəstək göstərən tədris mərkəzinə təşəkkür edib.
“Əminəm ki, Raqufun da ruhu şaddır. Biz Raqufa layiq yaşamağa çalışdıq, onun əqidəsi və arzuları bizim üçün hər şeydən önəmlidir. Nihad Atasına, Vətənimizə, millətimizə layiq övlad olacaqdır!”.