Müəllimlərin sertifikasiya prosesi davam edir. Yaxın günlərdə sertifikatlaşdırılmanın test imtahanından keçən təhsilverənlər müsahibə mərhələsinə cəlb olunacaqlar.
Sertifikasiya prosesi ümumitəhsil məktəblərində dərs deyən müəllimlərin savadlılıq dərəcəsinin müəyyənləşdirilməsi üçün münasib üsul hesab edilir. Çünki prosesdə yükəsk bal toplayanlarlarla yanaşı, aşağı bal yığanlar da az deyil.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a deyib ki, bu porseslə bağlı paralel işlər də görülməlidir.
“Hesab edirəm ki, hazırkı dövrdə müəyyən mərhələ üçün sertifikasiya imtahanlarının keçirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, illər öncə təhsilimizdə baş verən səbəblər nəticəsində bəzi məktəblərimizdə müəyyən xoşagəlməz vəziyyətlər yaranıb. Ona görə də hazırda Elm və Təhsil Nazirliyi bu məsələdən çıxış yolunu sertifikasiyada görür və bu proses davam edir.
Ancaq mən düşünürəm ki, sertifikasiya uzunmüddətli proses olmamalıdır. Biz sertifikasiya ilə paralel olaraq universitetlərdə təhsilin keyfiyyətinin artırılması, məzmunun gücləndirilməsi istiqamətində də addımlar atmalıyıq. Bu proseslər paralel getməlidir. Ancaq universitetdə tələbələri oxutdurub sertifikasiya edəcəyiksə, burada daha çox itirən dövlət olacaq. Ona görə bu məqamı nəzərə alıb, prosesi paralel aparmalıyıq”.
Təhsil eksperti Kamran Əsədov sertifikasiyanın təhsilimiz üçün zəruri olduğunu bildirib:
“Azərbaycan təhsilinin səviyyəsini müəyyənləşdirmək, artırmaq üçün yeganə vasitə bu tipli yoxlama prosesləridir. Məhşur bir ifadə var: “Heç bir təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsindən artıq ola bilməz”. Sizin müəlliminiz nədirsə, təhsil sisteminiz də odur. Birmənalı şəkildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirməliyik.
Azərbaycanın müstəqilliyi dövründə akkreditasiya 1994-cü ildə olmuşdu. Ondan sonra 2014-2018-ci illərdə orta ümumitəhsil məktəblərində çalışan müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb edildilər. Ardınca yeni prosesi - sertifikasiyanı görə bilirik. 2009-cu ildən etibarən orta məktəbin kadr bazası üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəyə (MİQ) start verilsə də, sonrakı prosesdə hətta yüksək balla qəbul olunmuş müəllimlərin yoxlanılması həyata keçirilməmişdi. Buna görə də sertifikasiya zəruridir.
Hazırda 4432 orta ümumitəhsil məktəbində 150 minə yaxın müəllim çalışır. Sertifikasiya nəticəsində ən azı 20 minə yaxın müəllimin işi itirəcəyini gözləyirik. Yeni işə qəbul olmuş müəllimlər 3 ildən bir sertifikasiyaya cəlb olunacaqlar”.
Ekspert müəllimlərin sertifikasiyaya cəlb edilməsinin təhsilin keyfiyyətinə təsir edəcəyini bildirib:
“Müəllimlərin sertifikasiyaya cəlb edilməsi onların bilik və bacarıqlarını artırmasını zəruri edir. Hazırda gözləntilərimizin ikinci tərəfi müəllimlərimizin öz üzərlərində işləməsi, özlərini inkişaf etdirmələridir. Çox təəssüflər olsun ki, hətta nazirlik yeni dərslikləri çap edəndə belə, bəzi müəllimlər həmin vəsaitləri oxumurdu. Dərs prosesində ümumi, köhnə bilikləri əsasında iştirak edirdilər. Sertifikasiya müəllimlərimizin bilik və bacarıqlarını artıracaq. Onların tədris etdiyi dərsdə də keyfiyyət artımı görəcəyik. Müəllimlər öz üzərlərində işləyirlər. Bütün müəllimlər hazırlaşırlar, kitab oxuyurlar. Bu, onların uşaqlara verəcəkləri biliyə də öz təsirini göstərəcək. Hətta 1-2 ildən sonra təhsilin keyfiyyəti artacaq”.