Modern.az

Sertifikasiyada yüksək bal toplayan şəhid anası: Yalnız bilik verməklə kifayətlənmirəm...

Sertifikasiyada yüksək bal toplayan şəhid anası: Yalnız bilik verməklə kifayətlənmirəm...

31 Avqust 2023, 12:26

Sertifikasiya imtahanında yüksək bal toplayan müəllimlərdən biri də Zaqatala rayonunun Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Südabə Qazıyevadır. Mümkün 60 baldan 59 bal toplayan müəllim Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anasıdır.

 

Ötən gün Təhsil naziri Emin Əmrullayev Zaqatalaya səfər zamanı Südabə Qazıyeva ilə görüşüb. "Görüş zamanı müəllimlərin sertifikatlaşdırılması imtahanının nəticələri və rayonda təhsilin keyfiyyəti barədə fikir mübadiləsi apardıq", - nazir paylaşımda bildirib.

 


Südabə Qazıyeva Modern.az-a açıqlamasında deyib ki, şəhid övladı da müəllimlik ixtisasını bitirmişdi:

 

"Oğlum da müəllimlik ixtisasını oxumuşdu. Qafqaz Universitetinin məzunu idi”.

 

Müəllim nazirlə görüşündən danışıb. O, görüşün onda müsbət təssüratlar yaratdığını bildirib.

 

“Gözləmirdim, xəbərim yox idi. Səhər zəng gəldi. Nazir 1 saat ərzində gəldi, bizimlə görüşdü. Bir insan kimi çox gözəl təəssürat oyatdı məndə. Təhsil üçün də gözəl planları var. Sadə, səmimi bir insanla görüşdük təhsil barədə söhbət etdik. Rayon təhsili, Respublika təhsili, baş verən yeniliklər, setifikatlaşdırma, nazirin görəcəyi işlər, gələcək planlar haqqında müzakirələr etdik. Oğlum haqqında da danışdıq", - o qeyd edib.

 

Südabə Qazıyeva artıq 31 ildir müəllimlik fəaliyyəti ilə məşğul olduğunu diqqətə çatıdırıb.

 

“31 ildir işləyirəm. Bu müddətdə çalışıram ki, uşaqlara tərbiyə verim, dünyagörüşlərini artırım. Yalnız bilik verməklə kifayətlənmirəm. İstəyirəm şahmat öyrənsinlər, dünyadakı yeniliklərdən, elmdən, texnologiyadan xəbərdar olsunlar. Nə öyrənsəm, eşitsəm onlara məlumat verirəm, ibtidai sinif olsalar da. Onları hərtərəfli yetişdirməyə çalışıram. Hamısı ali məktəbə qəbul olmur bəlkə də, ancaq öz sahələrində yaxşı insan kimi yetişirlər. Şagirdlərim arasında tərbiyəsiz, yararsız vətəndaş olmayıb indiyə qədər. İnşallah, indidən sonra da olmaz”, - müəllim vurğulayıb.

 

Qeyd edək ki, “Vətən müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunmuş şəhid Valeh Bədəlov Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı idi. O, 10 oktyabr 1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Ailənin böyük və tək oğlan övladı idi.

 

 

XTQ kurslarını, Türkiyədə Komando kurslarını keçən, hərbi xidməti bitirdikdən sonra hərbiçi olaraq fəaliyyətini davam etdirən qəhrəmanımız  aprel döyüşlərində də şücaətlə iştirak edib. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində fəal iştirak edən igidimizin döyüş yolu Murovdan  başlayıb, Cəbrayıl və Füzuli rayonlarına doğru irəliləyib.

 

Valeh Bədəlov Füzulidə gedən döyüşlər zamanı 7 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər