“Mobil operatorların məhkəməyə verilməsi prosesi üzərində hazırlıq işləri davam etməsi nazirliyin öz fikrimizdən daşınması anlamına gəlmir”. Bu sözləri Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib. O, qeyd edib ki, məhkəməyə hazırlıq işləri hələ bir müddət çəkəcək. “Niyyətimizdə qalırıq və nazirliyə dəymiş ziyana görə mobil operatorları məhkəməyə verəcəyik”.
M.Əmirov bu günə qədər onlara heç bir mobil operatorun da müraciət etmədiyini vurğulayıb.Qeyd edək ki, hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il öncə hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bu günə qədər öz üzərinə düşən texniki məsələləri icra etmədiyindən "Mobil Nömrələrin Daşınması Sistemi"nin tətbiqi ləngiyir. Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulub. Bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunub və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılıb.
Aytən ƏLİYEVA