Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrini elan edib. Tələbə adı qazanmış 51941 abituriyent arasında şəhid övladları da var.
Onlardan bir neçəsi sevinclərini Modern.az-la bölüşüb.
Şəhid polkovnik Zaur Nurdirəliyevin oğlu Ömər Nurdirəliyev Memarlıq və İnşaat Universitetinin kommunikasiya sistemləri mühəndisliyi ixtisasına qəbul olub.
“Axşam sayta daxil oldum və öyrəndim. 3-cü yazdığım fakültəyə daxil oldum. İlk bacıma zəng etdim, xəbəri bacımla paylaşdım. Daha sonra bacım da anama xəbər verdi. Özümü gələcəkdə informasiya təhlükəsizliyi eksperti kimi görürəm. Atam da belə istəyərdi”, - o, saytımıza açıqlamasında belə deyib.
Baş Leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova isə ADA Universitetində hüquqşünaslıq oxuyacaq.
"Cavablar çıxanda mən YAŞAT düşərgəsində idim. İlk özüm baxdım. Çox sevindim, qışqırdım və ağlamağa başladım. Daha sonra anama zəng etdim, sevincimi anamla bölüşdüm. 599 bal toplamışam. Özümü peşəkar vəkil kimi görmək istəyirəm", - Aynurə Şəmilova bildirib.
Şəhid Əhməd Abdullayevin xanımı Ulduz Abdullayeva da oğlu Hüseynin uğuruna sevindiyini deyib:
“Azərbaycan Neft Akademiyasının “Elektrik və elektronika mühəndisliyi” fakültəsinə daxil olub. O düşərgədədir. Orada öyrəndi, mənsə burada sevindim. Öncə problem yarandı, saytda yüklənmə var idi. O da pis olmuşdu. Orada ağlayıb, narahat olmuşdu. Çox sevindik. Əslində daha çox bal yığa bilərdi, amma imtahanda həyəcanlanmışdı. Şükürlər olsun. Atası da xəbəri eşitsə, sevinərdi”.
Qeyd edək ki, "Su-25" hücum təyyarəsinin pilotu olan Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində, Azər Şəmilov isə oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Mayor Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.