Putinin Azərbaycan səfəri: müxalifdən fərqli rəylər
Sabah Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri başlayacaq. Səfərlə bağlı Azərbaycan ictimaiyyətinin bir çox gözləntiləri var. Uzun müddət Azərbaycan səfər etməyən V. Putinin prezident İlham Əliyevlə görüşündə hansı məsələlərin müzakirə olunacağı bildirilmir. Modern.az səfər ilə bağlı müxalifət düşərgəsini təmsil edən siyasi partiya təmsilçilərinin fikirlərini öyrənib.
ADP partiyasının sədri Sərdar Cəlaloğlu səfərin əsas məqsədinin Azərbaycanı Avrasiya İttifaqına üzv olmağa razı salmaq olduğunu bildirdi. “Putin SSRİ-ni bərpa etmək istəyir. Bunun üçün Gömrük İttifaqı, Avrasiya İttifaqı kimi təşkilatlar yaradır. Rusiyanın maraqlarına xidmət edən belə təşkilatlara üzv olmaq Azərbaycanın yenidən öz müstəqilliyin, suverenliyin məhdudlaşdırması deməkdir”. Seçkilər öncəsi onun Azərbaycana səfəri rəsmi Bakıya təzyiq kimi qiymətləndirən Sərdar Cəlaloğlu Putinin səfər vaxtını düzgün hesablamadığını bildirib. “İndiki prezidentin səlahiyyətlərinin sonun iki ay qalıb. Seçkilərdən sonra başqa bir adam prezident ola bilər. Ona görə məntiqlə Putin gərək seçkilərdən sonra gələ və yeni prezidentlə yeni danışıqlara başlayardı”.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə danışıqların çox gərgin keçəcəyini və iki mövzunun əsas müzakirə obyekti olacağını bildirdi. “Bu səfər Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda baş tutacaq. Azərbaycanın Avrasiya və Gömrük İttifaqlarına üzvlüyü və qarşıdan gələn prezident seçkiləri əsas mövzu olacaq. Danışıqlar çox gərgin keçəcək.” F. Qəhrəmanlı Azərbaycanın Rusiya qarşısında Avrasiya İttifaqı ilə bağlı manevrlər etməyə çalışdığını bildirdi. “Rusiyanın Azərbaycandan tələbləri Gömrük və Avrasiya İttifaqlarına daxil olmasıdır. Azərbaycan bu tələblərə qarşı hansı reaksiya verəcəyi bəlli deyil. Azərbaycan bu tələblərə digər maraqlarının kompensasiya edilməsi ilə qarşılıq versin. Amma bu yalnız görüşdən sonra aydınlaşacaq”.
F. Qəhrəmanlı Azərbaycan hakimiyyətinin seçkiqabağı Putindən səfəri zamanı dəstək almaq istəyəcəyini bildirib. “Azərbaycandakı prezident seçkisinə Rusiyanın münasibəti danışıqlarda müzakirə olunacaq. Görünür, Rusiya Azərbaycan hakimiyyəti üçün həssas olan bu məsələdən öz maraqları üçün istifadə etməyə çalışacaq”. Qarabağ məsələsinə gəlincə isə, Fuad Qəhrəmanlı Rusiyanın status-kvo tərəfdarı olduğunu bildirib. “İndiki situasiya üçün Qarabağ məsələsi hər hansı aktuallıq kəsb etmir. Azərbaycan hakimiyyəti üçün Qarabağ problemindən daha çox seçki məsələsinə yönəlib. Eyni zamanda Rusiyanın tələblərinə hansı cavab verilməsi hakimiyyəti narahat edir”.
“El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev isə belə görüşlərin detalları açıqlanmadığına görə hər hansı fikir bildirməkdən imtina etdi. “Gördüyümüz aysberqin üz tərəfidir. Görünməyən tərəfi isə daha çoxdur”.
Vüqar İsmayılov