“Putin Azərbaycana gəlişi ilə kimin yanında olduğunu sübut elədi” Bunu Modern.az saytına açıqlamasında müxalifət təmsilçisi, AMİP sədri Yusif Bağırzadə bildirib. Rusiya prezidentin Bakı səfərinin müxalif düşərgədə birmənalı qarşılanmadığını deyən partiya sədri Putinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
AMİP sədri hesab edir ki, yayılan şayiələrdən fərqli olaraq Putinin Azərbaycana qarşı münasibəti hər zaman müsbət olub:
“Putinin Bakı səfərinə müsbət yanaşmaq lazımdır. Təsəvvür edin, Azərbaycanın dövlət başçısı Rusiyaya getmir, amma Putin Bakıya gəlir. Bu o deməkdir ki, Azərbaycan-Rusiya münasibətlərində geriləmə olmayacaq.
Putin kifayət qədər dolğun siyasətçidir. O, Azərbaycanın seçki məsələsində daxili işlərində qarışmayacaq. Putinin İlham Əliyevə dəstək verdiyi bu səfərlə öz təsdiqini tapacaq. Artıq bəllidir ki, Putin İlham Əliyevi yenə dəstəkləyir.
Bu səfərin Azərbaycan üçün əhəmiyyətli olacağı danılmazdır. Biz Rusiya ilə yaxşı münasibətlərimizi saxlamalıyıq. Putinin Azərbaycana qarşı münasibəti yaxşı olub həmişə, bunu danmaz olmaz. Dağlıq Qarabağ məsələsinin həlli Rusiyadan keçdiyindən Azərbaycan şimal qonşusu ilə əlaqələrini qoruyub-saxlamalıdır”.
AMİP sədri daha sonra Putinin Azərbaycan müxalifəti ilə münasibətlərindən söz açıb. Rusiya liderinin Azərbaycan müxalifəti ilə görüşməyəcəyi bildiriən Y.Bağırzadə buna təəssüf etdiyini deyib.
“Mən buna inanmıram. Bu əvvəlcədən planlaşdırılmış səfərdir. Bəzi siyasətçilər deyirlər ki, artıq Rusiya mövqeyini dəyişib iqtidarla yanaşı müxalifətlə də işləyəcək. Bu inandırıcı deyil. Putin özü də bildirdi ki, biz ancaq hakimiyyətdə olan insanlarla görüşəcəyik.
Müxalifət nümayəndələrinin də Putindən kömək istəməsi düzgün deyil. Məncə bu qəbul edilməzdir. Putin müxalifət üçün axı nə edə bilər ki?”.
Anar RÜSTƏMOV