Ali məktəbələrə builki ixtisas seçiminin nəticəsi açıqlandıqda əksər ixtisaslar üzrə balların aşağı düşdüyü məlum oldu. Hətta 150-200 bal toplayan abituriyentlər belə tələbə statusu qazandılar. Bu isə cəmiyyətdə birmənalı qarşılanmadı. Bir çoxları düşünür ki, savadsız abituriyentlərin plan yerləri dolsun deyə ali məktəblərə qəbul olunması təhsildəki geriləmədən xəbər verir.
Təhsil ekspertləri mövzu ilə bağlı Modern.az-a danışıblar.
Elçin Əfəndi builki ixtisas seçiminin əvvəlki illərdən fərqli olaraq daha gərgin keçdiyini düşünür. O, aşağı balla tələbə adı qazananlarla yanaşı, yüksək bal toplayıb kənarda qalanların olduğunu da qeyd edib.
"Məsələn, 4-cü qrupda 560 baldan yuxarı nəticə göstərən abituriyent ali məktəbə qəbul olmayıb.
Ümumilikdə 313 nəfər 200-700 bal aralığında nəticə əldə etsə də, 1-ci turda qəbul ola bilmədi. Bu, ümumi prosesin gərgin keçməsi ilə əlaqədardır”.
Kamran Əsədov isə builki imtahanların öncəkilərdən fərqləndiyini deyib:
“Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları əvvəlkilərdən kifayət qədər fərqlənirdi. Bu, xüsusilə I qrupda altqrupların yaradılması, informatikanın əlavə fənn kimi daxil edilməsində özünü göstərdi.
I qrupda bəzi ixtisaslara 200 balla ödənişsiz qəbul mümkün oldu. Gəncə və Lənkəranda 175 balla ali məktəbə qəbul olunanlar var.
Xüsusilə I qrupda əvvəlki illərlə müqayisədə keçid balları kəskin düşdü. Bu, gələcək üçün müəyyən problem yaradacaq.
Yüksək balın formlaşadığı ixtisasları yalnız Bakı Dövlət Universitetində gördük. Xüsusilə III ixtisas qrupunda. Yüksək bal toplayan abituriyentlər I ixtisas qrupunda Bakı Ali Neft Məktəbini, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetini seçib.
Ali təhsil müəssisələrinin plan yerləri tam dolmayıb. Müsabiqə şərtini ödəyənlər sentyabrın 4-dən 9-a qədər əlavə ixtisas seçimi edə biləcəklər”.
Ekspert Namiq Hacıheydərli aşağı balla ali məktəblərə daxil olunan şəxslərdən danışıb:
"Nəticələr heç də ürəkaçan deyil. Hesab edirəm ki, ali məktəblərə qəbul planı lazım olandan xeyli çoxdur. Bu da ondan irəli gəlir ki, bəzi özəl ali təhsil müəssisələri fəaliyyətini davam etdirməsi üçün aşağı balla tələbə qəbulu aparır, digər tərəfdən bəzi dövlət ali təhsil müəssisələrində gərəksiz ixtisaslar fəaliyyət göstərir.
Bu il müsabiqənin nəticələrinə əsasən, ali məktəblərin bakalavr pilləsinə 52000 nəfərə yaxın tələbə qəbul olunub. Hesab edirəm ki, balları minimuma endirməklə bu qədər abituriyenti ali məktəbə qəbul etməyə ehtiyac yox idi. Zatən 170 balla ali məktəbə qəbul olunan abituriyent universiteti bitirdikdən sonra fəhlə işləmək zorunda qalacaq. Düşünürəm ki, ali məktəblərə qəbul planı kəskin şəkildə aşağı salınmalı - məsələn, 52000-dən 26000-ə endirilməli və maksimum balın ən azı yarısından artıq nəticə göstərənlər tələbə adını haqq etməlidir. Yəni təxminən qəbul imtahanlarında 25%-lik nəticə göstərən abituriyentin ali məktəblərə qəbul olunmasının nə dövlətimizə, nə millətimizə faydası ola bilər. Zənnimcə, kəmiyyətə yox, keyfiyyətə önəm verməliyik".