Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılmış, yaşıllıq salınıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Modern.az AzərTAc-a istinadən bildirir ki, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.
İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılıb. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilib, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunub və kanalizasiya şəbəkəsinə qoşulub. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilib. Bundan başqa dörd su anbarı inşa edilib. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.
Daha sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.
Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. İkinövbəli iş rejimində 104 nəfərin işləyəcəyi müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına da mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolağı salınıb.
Dövlətimizin başçısı fabrikin kollektivi ilə söhbət edib.
Modern.az