Paytaxtın Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanada hamilə qadına qarşı haqsızlıq baş verib. Modern.az-a daxil olan məlumata görə, Tərbiyə İbrahimova gecə saat 4-ün yarısından xəstəxanaya gəlsə də, ona heç bir yardım edilməyib.
T. İbrahimovanın əri Ceyhun Paşayev Modern.az-a müraciət edərək saytdan kömək istəyib. O bildirib ki, xəstəxana işçiləri onlardan qanunsuz olaraq ödəniş tələb ediblər. “Gecə saat 4-ün yarısından burdayıq. Bizim üstümüzdə neçə nəfərin doğuşu bitib, amma Tərbiyəni hələ də orada saxlayıblar. Tərbiyə doğuşa tam hazır vəziyyətdədir, amma pul olmadığına görə həkimlər onu bir-birinin üstünə atır.
Növbə də dəyişib, amma bir dəyişiklik yoxdur”. Ailədən nə qədər pul istənilməsinə gəlincə isə C. Paşayev məbləği onların tam dilə gətirmədiklərini qeyd edib. “Konkret pul demirlər ki, guya rüşvət olar. Qapıçı ilə qızın yanına zənbillə lazımi əşyalar göndərmək istəyirdim, o da mənə deyir ki, “məni gör”. Hansı həkimə müraciət edirsən deyir: “Əcəb edirəm, get kimə şikayət edirsənsə et”.
Ceyhun Paşayev Səhiyyə Nazirliyinin “Qaynar xətti”nə müraciət etdiklərini də bildirib. “Oradan xəstəxananın baş həkiminə zəng edib nəsə dedilər. Mən də doğuş şöbəsinin müdiri Sevda Əhmədovanın yanında oldum. Amma yenə də eyni vəziyyətdir. Tərbiyə də zəng edir ki, burada uzanıb qalmışam, mənə baxan yoxdur və biz də burada əlacsız qalmışıq və bilmirik nə edək”. C. Paşayev Tərbiyə İbrahimovanın müxtəlif bəhanələrlə doğuşdan uzaqlaşdırıldığını qeyd edib. “Baş həkim deyir ki, guya hələ doğuşa hazır deyil. O da zəng edir ki, məndən su gedir, masaya gedirəm, həkim düşürdür ki, get səni çağıranda gələrsən”.
Modern.az-a açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimin müavini Əbülfəz Hüseynov məsələ ilə bağlı tədbir görüləcəyini deyib. “Özbaşınalıq deyil ki, indi hər şeyi öz yoluna qoyacağıq”. Son məlumata görə, Modern.az-ın müdaxiləsindən sonra məsələ T. İbrahimovanın doğuşla bağlı problemi həll olunub.
Aytən Əliyeva