Modern.az

Gənclik müstəqilliyin qədrini doğrudanmı bilmir? – Sorğu

Gənclik müstəqilliyin qədrini doğrudanmı bilmir? – Sorğu

Təhsil

15 Avqust 2013, 12:33

Dünyada 3000-dən çox xalq var, amma onlardan yalnız 200-ə yaxını öz müstəqil dövlətini qura biliblər. Elə xalqlar var ki, onlar Azərbaycanda əhalisinə görə 10 dəfə çoxdur, amma müstəqil olub öz dövlətini qura bilməyib. Təməlini 1918-ci ilin 28 mayında atan 1991-ci ildə isə ikinci dəfə bu ülküyə sahiblənən Azərbaycan müstəqillik məfhumunun vasitəsilə Hadi demiş ,  “millətin imzasını imzalar içində xətm edə bildi”.  Böyük Rəsulzadədən mühacirətdə olarkən soruşmuşdular: “Qısa ömür sürən Cumhurriyətiniz  insanlara nə verdi?  Cavabında demişdi: “Doğrudur, istiqlalımız çox qısa oldu amma o insanlara hürr yaşamağı, azadlığı daddıra bildi”. Bəs bizlər müstəqillik anlamını layiqincə dərk edə bilirikmi?

Modern.az bu mövzuda sorğu keçirib.  

Yunus Oğuz (yazıçı-publisist): “Gənclərin əksəri müstəqilliyin nə olduğunu bilmirlər. Müstəqillik illərində doğulublar. Yəni müstəqillik uğrunda heç bir mübarizə aparmayıblar. O insanlar ki, müstəqillik uğrunda mücadilə edib, şəhid verib bu məfhum onlara daha yaxındır. Müasir gəncə cəmiyyəti, aldığı təhsili və əlbəttə, ailəsi təsir etməlidir. Kosmopolit düşüncəli ailələr müstəqillik anlayışına o qədər də önəm vermirlər. Müstəqilliyi onun uğrunda mübarizə aparan insanlar daha yaxşı anlayır. Çünki faktiki olaraq köləliyin acı fəsadlarını görən və müstəqilliyin, azadlığın  hər çalarını özünə daha doğma bilənlər onu dərindən anlayırlar. Bu da ki, çox normal bir şeydir.

Əvvəllər, müstəqilliyin ilk illərində adam xaricə gedəndə özünü təqdim edərkən azərbaycanlı olduğunu deməyə utanırdı. Amma indi fəxrlə Azərbaycandan olduğunu hər yanda deyə bilirsən. Zaman-zaman bu müstəqillik məfhumunu insanlara, cəmiyyətə aşılamaq lazımdı. Ailə qayğıları, iqtisadi problemlər o qədər artıb ki, insanlar artıq müstəqillik barədə düşünmürlər. Ancaq bağçalarda, orta və ali məktəblərdə təhsil alanlara müəllimlər tərəfindən danışılır. Təbii ki, müstəqillik və ona aparan çətin yol barədə danışılmalıdır. Amma bu gün insan ictimai həyata atılmırsa ancaq ailə-məişət qayğıları barədə düşünürsə təbii ki, onun təfəkküründə müstəqillik məfhumu yer tutmayacaq. Onun düşüncəsində yalnız ailəsini dolandırmaq kimi məsələlər yer alacaq. Bu proseslər zaman-zaman düzələm işlərdi. 90-cı illərdə müstəqillik uğrunda televiziyalardan bu qədər çıxışlar edilirdisə, könüllü batalyonlar yaradılıb Qarabağa gedirdilərsə, 20 yanvar hadisələrində tankın qabağına əliyalın gedirdilərsə deməli, bizlərdə bu mübarizə olub. Müstəqillik odur ki, insanlar fikirdə, dildə, əməldə sərbəst, azaddırlar. Təbii ki, dövlətin tərtib etdiyi qayda- qanunlar çərçivəsində”. 

Əhməd Qəşəmoğlu (sosioloq): “Ölkənin maddi gəliri çoxalıb iqtisadiyyatımızı inkişaf etdiririk. Neftin hesabına ölkə dünyada müəyyən bir imic qazanıb. Bunlar müstəqilliyin bizə bəxş etdiyi müsbət cəhətlərdi. Muğam musiqisinə, xalq yaradıcılığına və digər sahələrə göstərilən xüsusi diqqətin hamısı müstəqillikdən gördüyümüz bəhrələrdi. Vaxt gələcək və biz görəcəyik ki, bunların hamısı əhalinin keyfiyyət və inkişafına xidmət edib. Əhalinin keyfiyyətindən o zaman danışmaq olar ki, o həqiqətən fiziki cəhətdən sağlam olsun. 22 ildə əldə etdiyimiz uğurları əhalinin mənəvi və fiziki cəhətdən sağalması və əmək qabiliyyətinin artmasına yönəltməliyik. Çox təəssüf ki, bu sualınıza tam optimist cavab verə bilməyəcəyəm.

Çünki gənclik çoxşaxəli bir təbəqələrə bölünür. Bir hissəsi Qərb yönümlü, digər hissəsinin isə dünyagörüşü təriqətlərin yer ayrılması və s. çoxlu şeylər saymaq olar. Bu onun göstəricisidir ki, gənclərdə müstəqillik dəyərlərinə münasibət başqadır. Bir ayrı təbəqə də var ki vətənpərvər gənclərdir. Amma heç onların özü də müstəqillik sözünün mahiyyətini lazımi  şəkildə mənimsəyə bilməyiblər. Odur ki, bu sahədə kifayət qədər böyük işlər aparmağa ehtiyac var. Ölkədə iqtisadiyyat və başqa sahələrin inkişafı nəticəsində bu sahədə də müəyyən baza yaranıb. İndi tarixi  bir zamandır. Çünki indi biz əhalinin keyfiyyətinin yüksəlməsinə bütün diqqətlərimizi yönəltməliyik. O zaman gənclərimiz milli müstəqilliyimizin dəyərlərindən yaxşı istifadə edə bilərlər”.

 

 

Elmin Nuri  
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj