Qarabağ” futbol klubu Avropa Liqanın “pley-off” mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə oyunda baş tutacaq təxribatla bağlı UEFA-nı məlumatlandıracaq. Bu barədə Modern.az-a “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
O bildirib ki, yarışı keçirən klub da UEFA oyunlarında siyasi məsələlərin qabardılmasının qəti əleyhinədir. Odur ki, bunu edən klubu da çox ciddi cəza gözləyir. “Çünki üçüncü turda “Qarabağ”la Polşanın “Piast” klubu ilə son oyunda da qondarma Dağlıq Qarabağın bayrağını asmışdılar. Etirazımızdan sonra bayraq yığışdırıldı. UEFA-ya şikayət etdik və UEFA nümayəndəsi bunu öz protokolunda yazdı”.
Klub sözçüsü onu da bildirib ki, Almaniyanın “Ayntraxt” klubu ilə oyundan qabaq UEFA nümayəndəsi ilə görüş zamanı bu məsələni qabardacağıq. “Hər oyundan əvvəl UEFA nümayəndəsi və klubun rəhbərliyi ilə görüş olur. Onlara da yenidən belə bir təxribatın olmaması üçün öz tövsiyələrimizi verəcəyik. Qarşı tərəf də yaxşı bilir ki, əgər belə bir hal bir də təkrarlanarsa, yenidən şikayət olunsa rəqib komandanı ciddi cəza gözləyir. Biz də öz növbəmizdə onlara bu barədə məlumat verib bunun qarşısının alınmasına çalışacayıq”.
Qeyd edək ki, ötən gün Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz Modern.az-a məlumat göndərərək “Qarabağ” futbol klubu ilə Almaniyanın “Ayntraxt” klubunun oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat olduğunu bildirib. Toğrul Əziz bununla bağlı “Qarabağ” Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib.
Gültəkin ƏLƏSGƏR