Modern.az

Azərbaycanda şagirdlər və tələbələr hansı dillərdə təhsil alırlar... - ÖZƏL

Azərbaycanda şagirdlər və tələbələr hansı dillərdə təhsil alırlar... - ÖZƏL

Təhsil

22 Sentyabr 2023, 15:02

Konstitusiyaya görə, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və dövlət bu dilin inkişafını təmin edir. Buna baxmayaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Ancaq tədrisin digər dillərdə həyata keçirildiyi təhsil müəssisələrində Azərbaycan dili ilə bağlı vəziyyət ürəkaçan deyil. Elm və Təhsil Nazirliyi bununla bağlı bir sıra addımlar atmağı planlaşdırır.

 

Belə ki, Azərbaycanda tədrisin digər dillərdə aparıldığı siniflərdə bir sıra fənlər dövlət dilində keçiriləcək. Bununla bağlı tədbirlər planı hazırlanıb. Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da keçirilən mətbuat konfransında prosesin bir sıra detallarını açıqlayıb.

 

Nazir çıxışında xüsusilə rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilində danışa bilməməsini tənqid edib. "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir", - o deyib. Emin Əmrullayev bununla bağlı nəzarət tətbiqinin artırılacağını və 9 il Azərbaycan dili keçən uşaqların Azərbaycan dilində danışa bilməmələrinin səbəbinin araşdırılacağını vəd edib. Məlumata görə, rus sektorlarında bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanda şagirdlərin hansı dillərdə təhsil aldığını araşdırıb.

 

Elm və Təhsil Nazirliyindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin məlumatları yekunlaşmayıb. Nazirlikdən bildirilib ki, ötən tədris ilində (2022/2023-cü) ümumtəhsil müəssisələri üzrə 1.6 milyon şagird təhsil alıb. Onlardan 1.4 milyondan çoxu Azərbaycan dilində, 153 minə yaxını rus dilində, 9 mindən çoxu ingilis, mindən çox şagird gürcü, qalanı fransız və türk dillərində təhsil alır.

 

Elm və Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bakalavriat təhsil səviyyəsində təhsil alan şagirdlərin tədris dili üzrə sayını da açıqlayıb:

 

Azərbaycan dili: 160 mindən çox
İngilis dili: 17 mindən çox
Rus dili: 15 minə yaxın
Türk dili: Mindən çox
Fransız və alman dilində: 100-ə yaxın
Cəmi: 194 mindən çox

Whatsapp
Bizə yazın!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı