NAMİDƏ BİNGÖL
KÖŞƏ
Məmləkətdə rahatlıq tapa bilməyənlərin üz tutduğu məkan yad torpaqlar olur. Bəzən adama elə gəlir ki, özgə ocağına sığınmaq könül rahatlığıdır. Əslində, heç də belə deyil. Bilirsiniz də, bizim kişilərin dədə-babadan dəyişməyən xüsusiyyəti var. Filan yerə üz tutsam, zaman mənim xeyrimə fırlanar. Atalar da deyib ki, özgə atına minən tez düşər.
Elə bizim Milli Şura nümayəndələrimiz də Tiflis Sammitində bir araya gəlmişdilər. Mişa qardaş da görüşdən xəbər tutan kimi qamçısını almışdı əlinə. Allahtərəfi deyim ki, bizim siyasi zəhmətkeş fəallarımız hakimiyyətə gəlmək üçün günün 24 saatı iş başındadır. Hərçənd, ortada yoğrulan xəmirin bişmiş tikəsi yoxdu. Nə isə.İri bir qazan da Tiflisdə qoyulub ocağın üstünə. Yəni demək istəyirəm ki, qafqaz qonşumuz olan Gürcüstanda oktyabr ayına nəzərdə tutulan prezident seçkilərinə hazırlıq sakit məcrada getmir. Siyasi maraqlar toqquşduğundan üz-üzə gələndə dava-dalaş düşür. Baş nazir İvanaşvili köhnə siyasi oyunları gündəmə gətirməklə dilini dinc saxlamaq istəmir. Mişa qardaş da söz altında qalan centlmen deyil ha! Birini desən üçünü soxar gözünə. Elə bilirsiniz yalan deyirəm?! Vallah elə də etdi. Sən də ay İvanaşvili, 5 il bundan qabaq baş verən siyasi hadisələri saqqız kimi çeynəyib sözə çevirməklə nə istəyirsən?!
Məgər, Mişa qardaş 5 yaşlı uşaqdır, yoxsa, ağlını itirmək üzrə olan qoca sərsəridi?! 2008-ci il hadisələrinə görə niyə məsuliyyət daşımalıdır? Bu səbəbdən də Mişa qardaş, haqqında şər-böhtan danışanları gürcü xalqının düşmənləri adlandırması qafqazlıların əkə qardaşı olan Rusiyaya işarə deyil bəs nədi?! Mən yox, onlar ölsün deyirəm. İndi də seçki öncəsinə görə Gürcüstanda un dəyirmanını salıblar işə. Bizim Rüstəm bəy də, un dəyirmanına nə gəldi atır. Hətta, cənab İbrahimbəyovu heç belə görməmişdim. Son günlər, Milli Şura nümayəndələrinə deyir, ay amandı, seçki kampaniyasına pul lazımdı. Kasıb bəylər də qalıb odla-su arasında. 10 manat deyil, 100 manat deyil. Allah tərəfi, cənab İbrahimbəyov kasıb qardaşlarından pul istəmir ha! İstəyir ki, onun Bakıya gəlişini tələsdirməsinlər. Əks təqdirdə, o boyda Milli Şura aclıqdan tələf olar. Soyuq Moskva çöllərində azuqə axtarışına çıxan İbrahimbəyov xaricdə böyük işlər görür.
Yeri gəlmişkən, xaricdə böyük işlər görən ikili yox, ikinci vətəndaşlığı olan (özü belə deyir) Rüstəm bəyin nədənsə, sənədləri MSK-ya təqdim olunmur. Belə olan təqdirdə, fikir ayrılıqlarının yaranması qaçılmazdır. Bir müddət bundan öncəyə qədər, cənab İbrahimbəyov bir az da möhlət istəyirdi, bakılı qaqaşlarından. Görünür, proseslərin uzanması mövcud əngəlliklərin olmasından xəbər verir.
Bilirsiniz də, Qafqazın ağası hesab edilən əlahəzrət Putinin Bakıya edilən səfəri siyasi düşərgəni əməlli-başlı çalxaladı. Ay haray, az qalmışdı, düyünləri açmağımıza, işlərimiz yenidən dolaşığa düşdü. Proseslərin izinə düşəndə görürsən ki, siyasətçilərin işi tükdən asılı vəziyyətdədir. İndi bizim Rüstəm bəyin də işi əlahəzrət Putindən asılıdır. Asılılıqdan yaxa qurtarmaq üçün deyirlər Rüstəm İbrahimbəyov kino çəkir. Bir həqiqət də var ki, Rusiya iqtidarı daha İbrahimbəyovun sözünə qulaq asmaq istəmir. İndi Rüstəm bəy də qalıb Bakıdakı müxalifətlə, Rusiyadakı iqtidar arasında.
Iqtidar demişkən, Milli Məclisdə illərdir yanaşı oturan, eyni partiyanı bölüşən Zahid Orucla Fəzail Ağamalı qısa müddətliyə seçim arasında qaldı.
AVP-nın sədri, sədr müavinini həzm edə bilmədi. O mənada ki, sədr dura-dura müavin prezidentliyə namizəd olmaq istəyir. Nəhayət, son qərarı Fəzail Ağamalı verdi. Zahid Orucu partiyanın sədr müavini vəzifəsindən kənarlaşdırdı. Görünür, kənarda qalan daha böyük problem cənab İbrahimbəyovun seçkilərdə iştirak edib-etməməsidir. Əslində, Milli Şuranın özündə də bir çaşqınlıq hökm sürür. Dünənə kimi daha iddialı çıxışlar səsələndirən kəslər, indi dörd gözlə İbrahimbəyovun gəlişini gözləyirlər. Amma di gəl ki nə fayda! Onsuz da, İbrahimbəyovun ümidləri yol üstə dayanıb. Deməli, Putinə ümid edən bir qədər də gözləməlidir.
Vallah, elə biz də gözləyirik. Görəsən, cənab İbrahimbəyovun yad ocaqda yazdığı ssenarisi öz məmləkətində “Oskar” ala biləcəkmi?! Deyirəm, bəlkə, Gültəkin Hacıbəylinin yerinə Milli Şurada qadın rolunu özüm ifa edim?! Bu sadəcə, beynimin bir küncündə pas atan arzudur. Pas atan arzular isə heç vaxt cücərmir.