Modern.az

Şagirdlər niyə esse yaza bilmir... - Təhsil sistemi şagirdlərin robot olmasına xidmət edir

Şagirdlər niyə esse yaza bilmir... - Təhsil sistemi şagirdlərin robot olmasına xidmət edir

2 Oktyabr 2023, 11:40

Elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında şagirdlərin esse yaza bilməməsindən danışıb.

 

“Azərbaycan dili fənnindən imtahanda maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir, danışa bilmir”, - deyə nazir bildirib.

 

Sosial şəbəkələrdə nazirin çıxışı müzakirələrə səbəb olub. Bəziləri təhsil sisteminin "əzbərçilik" üzərində qurulduğunu iddia edir, digərləri buna görə şagirdlərin özlərini və valideynlərini qınayır.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında problemin müxtəlif səbəblərinin olduğunu bildirib.

 

“Hesab edirəm ki, bunun səbəblərindən biri fənnin kifayət qədər mənimsənilməməsi və eyni zamanda müəllimlərin şagirdlərlə fənnin tədrisini düzgün həyata keçirməməsidir. Müasir dövrdə yaşayırıq. İnformasiya texnologiyaları var. Yeni imkanlar var. Mən universitetdə dərs deyirəm. Görürəm ki, gənclər danışmaqdan çəkinirlər, utanırlar. Kökündəki səbəblərdən biri odur ki, sıx iş aparılmır. Gənclər lövhəyə çıxarılmalıdır,   təqdimatlar etməli, sual-cavab edilməlidirlər. Bunu edə bilmədiyimiz, etmədiyimizə görə, düzgün münasibət qurulmadığı, təbliğat aparılmadığı üçün zaman-zaman belə problemlərlə qarşılaşırıq.

 

Bu halların yaşanmaması üçün davamlı müxtəlif addımların həyata keçirilməsi vacibdir. Biz gələcəkdə bu istiqamətdə  məsələlərə fikir verməliyik. Şagirdlərin, tələbələrin özlərini təqdim etmək, fikirlərini ifadə etmə bacarıqları inkişaf etdirilməlidir”.

 

Təhsil eksperti Namiq Hacıheydərli isə təhsil sistemində çatışmazlıqların olduğunu vurğulayıb.

 

“Esse yaza bilmək üçün şagirddən analitik və yaradıcı təfəkkür tələb olunur. Təəssüflər olsun ki, bizim təhsil sistemimiz şagirdin analitik düşüncəsinin inkişafına deyil, sadəcə olaraq zəngin informasiyalarla təchiz olunmuş robot olmasına xidmət edir. Azərbaycanda qəbul imtahanlarından 600 baldan artıq nəticə göstərmiş şagirdlər var ki, tarixi şəxsiyyətlərimizin nəinki haqlarında bilgiyə sahibdirlər, heç adlarını belə eşitməyiblər. Bir az da konkretləşdirək, 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər arasında Üzeyir Hacıbəylini, Əli bəy Hüseynzadəni, Həsən bəy Zərdabini, Səməd bəy Mehmandarovu, Qara Qarayevi, Arif Məlikovu, Xudu Məmmədovu tanımayanlar kifayət qədərdir”.

 

Ekspert problemin həlli üçün müxtəlif islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb:

 

“Düşüncəm budur ki, hazırkı təhsil sistemimiz şagirdlərin hərtərəfli və bütöv şəxsiyyət kimi yetişməsinə imkan vermir. Mövcud təhsil sistemimiz şagirdlərin biryönümlü inkişafını təmin edir. Odur ki, təhsilimizdə ciddi islahatlar aparmaq, şagirdlərin biryönümlü deyil, hərtərəfli şəxsiyyət kimi yetişməsi üçün ciddi tədbirlər görmək və nəticədə Azərbaycan təhsilini repititorluq rüsvayçılığından xilas etmək lazımdır. Əgər bir ölkədə ali məktəblərə qəbul olan abituriyentlərin mütləq əksəriyyəti repititor yanına gedərək nəticə göstərirsə, o ölkədə təhsilin hər hansı bir uğurundan danışmaq yersiz və gülüncdür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər