Dərsliklərdə texniki səhvlərlə bağlı çox narazılıqlar var.
Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliynin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, əgər dərslikdə çapdan sonra nöqsan aşkarlanarsa, onun elektron versiyasında düzəliş olunur.
"Oxucular Tədris Resurslarının İdarə Olunması portalında dərsliyin yeni versiyasından faydalana bilərlər".
V.Yaqublu onu da deyib ki, ibtidai sinif səviyyəsində dərsliklərdə texniki şərtlərə əsasən şriftin ölçüsü 14-16 arasında, ümumi və tam orta təhsildə 12-14 ölçü arasında olmalıdır.
O bildirib ki, dərsliklərin ağırlığından şikayət edən valideynlər var: “Dərsliklərin fiziki ağırlığının azaldılması üçün daha çox məlumatın yerləşdirilməsi məqsədilə şriftlərin ölçüsü kiçildilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, kimya dərsliyində dəyişiklik edilməsi gözlənilir. Bu, artıq 5-6-cı siniflərdə təbiət fənni tədris olunması ilə əlaqədardır.
Şöbə müdiri bildirib ki, bu il 60-a yaxın məktəbdə yeni kimya, fizika, biologiya, coğrafiya dərsliklərinin pilot layihəsi aparılır:
"İl ərzində təkmilləşdirmələr aparılacaq. Növbəti ildən 7-ci siniflər yeni kimya dərsliyindən istifadə edəcəklər".
Vəfa Yaqublu deyib ki, ən çox iş humanitar fənlərə aid dərsliklər - ədəbiyyat, dil, tarix üzərində aparılır.
O bildirib ki, dəqiq fənlərin dərsliklərində mübahisəli məqamlar rəqəmlərlə bağlı olur.
“Lakin tarix fənnində, adətən, hadisələrin tarixi, gedişatı ilə bağlı məqamlar çox suallar doğurur. Bununla bağlı Elm və Təhsil Nazirliyi tarix dərsliklərinin konsepsiyası ilə bağlı Tarix İnstitutuna müraciət ünvanlayıb. Biz məktəbdə tarixçi hazırlamırıq. Arxaya baxıb gələcəyi proqnozlaşdırmağı bacaran vətəndaş hazırlayırıq. Biz daha çox tarix kimi spesifik və siyasi çəkisi olan fənni uşaqların konseptini başa düşəcək səviyyədə çatdırmağa çalışmalıyıq", - o vurğulayıb.
V.Yaqublu bildirib ki, dərsliklərin yazılması kifayət qədər uzun və vaxt aparan prosesdir.
Nazirlər Kabinetinin qərarına əsasən, ümumi orta təhsil səviyyəsində dərsliklər hər 4 ildən bir, tam orta təhsil səviyyəsində dərsliklər isə 5 ildən bir yenilənə bilər:
"Bu il 61 dərslik üzərində işləmişik. Onlardan 37-si yeni hazırlanıb, 24-ü üzərində təkmilləşdirilmə işləri aparılıb. Bu il 318 adda dərslik çap olunaraq məktəblərə çatdırılıb. Bu da 7 milyon 7 mindən çox nüsxə deməkdir. Bir dərsliyin üzərində 50-60 nəfərin əməyi var".