Modern.az

Azərbaycanda elmi-kütləvi ədəbiyyata maraq azdır? - Deputat tərcümədən şikayət edir

Azərbaycanda elmi-kütləvi ədəbiyyata maraq azdır? - Deputat tərcümədən şikayət edir

Təhsil

3 Oktyabr 2023, 17:38

Yaxın günlərdə dünyaca məşhur yazıçı və tarixçi Yuval Noah Harari Bakıya gəlib. O, paytaxtda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edib. Bakıda olan zaman yazıçı Daş Salnamə Muzeyində oxucularla görüşü keçirib və iştirakçıların müxtəlif mövzularda suallarına cavab verib.

 

Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.

 

Yazıçı ilə görüşə gələnlərin sayının az olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxları tədbirin təşkilatçılığının zəif olduğunu desə də, bəziləri bunu elmi populyar ədəbiyyata marağın az olması ilə əlaqələndirir.

 

Azərbaycanda kitab satışları ilə bağlı statistik məlumatlar çox məhduddur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə kitab üzrə pərakəndə ticarətin dövriyyəsi 2018-ci ildə 34,7 milyon AZN-ə çatmışdısa, 2020-ci ildə bu göstərici 19,7 milyona kimi düşüb, 2022-ci ilin nəticələrinə görə isə ümumən 16,4 milyona bərabər olub. Kitabların növləri üzrə statistik məlumatlar isə, demək olar ki, yoxdur.

 

Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Etibar Əliyev Modern.az-a açıqlamasında elmi populyar kitablara marağın zəif olduğunu bildirib və bunun əsas səbəblərindən biri kimi tərcümələrin yaxşı olmamasını göstərib.

 

"Azərbaycan dilində elmi populyar ədəbiyyatların sayı çox azdır. Etiraf edək ki, bizim alimlərin çoxu elmin populyarlaşdırılması işini bacarmır. Hazırda dünyada əsasən fizika, kimya, fiziologiya, tibb, iqtisadiyyat sahəsində Nobel mükafatı alanlar çox ciddi şəkildə bu işə qoşulublar, maraqlı kitablar yazırlar. O kitabların tərcüməsi də zəif aparılır. Öncə bu tərcüməçilərin peşəkarlığı ilə bağlıdır, digər tərəfdən isə bu işə maraq azdır. Ona görə indiki gəncliyin, yuxarı sinif şagirdlərinin elmi anlaması çətindir, elmi tədqiqatların və alimlərin kəşfinin sadə dildə izahının mənimsəmək üçün tələbələr, yuxarı sinif şagirdləri ədəbiyyat əldə edə bilmirlər. Bunun özü də gənclərin, yuxarı sinif şagirdlərinin elmə marağını azaldır", - o qeyd edib.

 

Deputat deyir ki, əslində elmə maraq uşaq yaşlarından olmalıdır, bunu da elmi populyar ədəbiyyatlar verir:

 

"Elmi populyar ədəbiyyatların tərcüməsi, sayının az olması əlbəttə ki, elmi təfəkkürün formalaşmasına mənfi təsir göstərir. Mən düşünürəm ki, bu gün akademiklər, professorlar riyaziyyat, fizika, kimya, tibb sahəsində ən maraqlı kitabların populyarlaşdırılması üçün ya kollektiv, ya fərdi formada fəaliyyətlərini genişləndirməlidirlər. Bu işləri orta məktəb şagirdlərinə, tələbələrə tanış etməlidirlər ki, onların elmə marağı artsın.

 

Tarixçinin gəlməsi, onunla görüşə marağın az olmasına səbəb odur ki, Harari il tanışlıq zəifdir. Onunla daha çox tarixçilərimiz görüşə can atamalıdırlar. Cavan vaxtlarından o çox qəşəng əsərlər yazıb, həmin əsərlər tarix elminin populayarlaşması, tarixin fənlərarası elmlərdə yerini tapmasında mühüm rol oynayıb”.

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu isə kitablara olan marağın dəyişdiyini diqqətə çatdırıb.

 

“Kitaba maraq hər gün dəyişir. Getdikcə kitabların sayı da artır, onlara maraq da. Müəyyən müəlliflər var ki, onların Azərbayacana gəlişi ədəbiyyata olan marağı da artırır. Elmi populyar ədəbiyyatdan danışarkən, bu yaxınlarda Yuval Harari gəldi ölkəmizə. Bu gün Azərbaycanda onun kitablarının xeyli oxucusu var. Bu tip ədəbiyyatlar oxunur. Ümumilikdə oxucu sayı artır”.

 

Naşir özünüinkişaf kitabları ilə müqayisədə elmi populyar ədəbiyyata marağın az olduğunu bildirib.

 

“Özünüinkişaf kitablarına maraq daha çoxdur. Hər kəs özünü inkişaf etdirmək istəyir. Biri var ki, təhsil sistemi olar, adamı inkişaf etdirər, biri də var ki, özün oxuyursan, öz üzərində çalışıb özünü inkişaf etdirirsən. Aylıq satılan kitablar arasında həmişə Hararinin kitabları var, növündən asılı olmayaraq oxunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri