Dünyanın bütün ölkələri kimi, Azərbaycanda da qadınların hərbi sahəyə maraqları kişilərdən az deyil. Müxtəlif zamanlarda güc strukturlarında – hərbi sahədə, ədliyyədə və polis sistemində qadınlar “tarix yazıblar”.
Hazırda Azərbaycandakı güc strukturlarında xidmət edən zərif cinsin nümayəndələrinin sayı o qədər də çox deyil.
Maraqlıdır, ölkəmizdə güc strukturları üçün kadrlar hazırlayan ali məktəblərə bu il nə qədər xanım tələbə qəbul olunub?
Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, ali məktəblərin əksəriyyətində tələbələr arasında qızlar çoxluq təşkil etsə də, bunu güc strukturları üçün kadr hazırlayan məktəblərə aid etmək olmaz. Onların bəzisində qızların qəbuluna ümumiyyətlə qadağa qoyulub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan kursantlar arasında qız yoxdur. Hətta hərbi məktəbin tələbə qəbulu üçün verdiyi elanda da bildirilir ki, bu məktəbə Azərbaycan Respublikası vətəndaşları (yalnız oğlanlar) sənəd verə bilərlər.
Qeyd edək ki, Ali Hərbi Məktəbə son dəfə 2002-ci ildə qızlar qəbul olunub və onlar 2006-cı ildə təhsillərini bitiriblər. 2002-ci ildə sonra məktəbə qızların qəbulu dayandırılıb.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında da heç bir qız tələbə yoxdur.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına da bu tədris ilində qızlar sənəd verməyiblər. Akademiyaya bu il qəbul olunan kursantlar arasında qız yoxdur.
Amma Polis Akademiyası bu sırada istisna təşkil edir. Belə ki, bu il qəbul imtahanlarını və qabiliyyət sınaqlarını uğurla verən 3 qız Polis Akademiyasına daxil olub. Akademiyadan Modern.az-a bildirilib ki, hər üç qız bu ilin orta məktəb məzunlarıdır. Qeyd edək ki, ötən tədris ilində Akademiyaya cəmi 1 nəfər qız qəbul olmuşdu.
Gültəkin ƏLƏSGƏR