Moskva şəhərində ermənilərə məxsus olan böyük kilsə kompleksinin tikintisi sona çatıb. Sentyabrın 17-də açılışı olacaq kilsə kompleksi Ermənistan Qriqoryan kilsəsinin Rusiya və Yeni Naxçıvan üzrə yeparxiyasının iqamətgahı olacaq. Eçmiədzin kilsəsindən sonra dünyadakı ən böyük erməni kilsəsi olacaq bu kompleksin tikintisi 1996-cı ildən başlayıb. Moskvada yaşayan erməni diasporunun ianələri hesabına tikilən dini ibadətgahda inzibati mərkəz, maşın dayanacağı, muzey, sərgi salonu, məktəb, tibb məntəqəsi və katolikosluq binası yerləşəcək.
Tikinti işləri Ermənistandan gələn ustalar tərəfindən həyata keçirilib. Kilsə binası məxsusi Ermənistandan gətirilən tuf daşlardan tikilib. Layihənin planlaşdırılmasına Ermənistanın əməkdar memarı Artak Qulyan rəhbərlik edib. Əsas kilsə binası 50 metr hündürlüyündə olacaq. Kilsə eyni vaxtda 1000 nəfəri qəbul etmək imkanına malik olacaq.
Qeyd edək ki, 2001-ci ildə tikinti işlərinə nəzarət edən arxiyepiskop Tiran Küregyanın layihə üçün ayrılan 3 milyon dollar vəsaiti mənimsəməsi böyük qalmaqal yaratmışdı. İnşaat işləri bir neçə il dayandırılmışdı. Lakin sonradan işlər bərpa olundu. Ümumilikdə tikinti işləri 15 milyon dollara başa gəlib.
Sentyabrın 17-də kilsə kompleksinin açılışına bütün ermənilərin katolikosu II Qareginin qatılacağı ehtimal olunur.
Xatırladaq ki, Erməni Qriqoryan kilsəsinin Rusiya və Yeni Naxçıvan yeparxiyasının rəhbəri I Yerzas II Qareginin doğma qardaşıdır.
Vüqar İsmayılov