Modern.az

Təhsilin İnkişafı Forumu nələr vəd edir... - Problemlər müzakirə ediləcək

Təhsilin İnkişafı Forumu nələr vəd edir... - Problemlər müzakirə ediləcək

Təhsil

31 Oktyabr 2023, 17:40

Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçiriləcək.


“İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edəcəklər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.

 

Deputatlar deyir ki, Təhsilin İnkişafı Forumu olduqca əhəmiyyətlidir. Bu cür tədbirlər təhsil sahəsində olan problemlərin müzakirə edilməsi üçün mühüm platformadır.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında təhsillə bağlı keçirilən hər bir tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

 

“Təhsil sahəsində mövcud problemlərin çıxış yollarının axtarılması baxımından əhəmiyyət kəsb edir. Hesab edirəm belə bir forumun keçirilməsi önəmlidir. Burada təhsilimizlə onun gələcəyi ilə bağlı vacib məsələlər müzakirə olunacaq. Düşünürəm ki, eyni zamanda təhsilimizin qarşısında duran missiyalar barədə də yeni fikir müzakirəsi aparılacaq. Bütövlükdə proseslərə, qarşımıza qoyduğumuz məqsədlərə çatmağa öz töhfəsini verəcək. Bu gün təhsildə müsbət tendensiyalarla yanaşı bizi narahat edən ciddi məsələlər də var. Hesab edirəm ki, bu məsələlərin araşdırılması baxımından konfransın keçirilməsi əhəmiyyətə malikdir. Bu gün Azərbaycanda təhsilə dövlət səviyyəsində çox böyük qayğı, diqqət var. Dövlətimiz təhsilin daha da inkişafı üçün məqsədyönlü addımlar atır. Bu addımların atılmasında bütünlükdə təhsilimizin inkişafına öz ciddi və müsbət töhfələrini verəcək”.

Milli Məclisin digər deputatı Fazil Mustafa Təhsilin İnkişaf Forumunun faydalı ola biləcəyini vurğulayıb.

 

“Mən hesab edirəm ki, biz bir sıra forumlarda iştirak etmişik, bunlarda daha çox rəhbər şəxslər gəldilər, çıxış etdilər, sonra da jurnalistlər başına yığışıb ona sual verdilər, mənfi ya müsbət hansısa müzakirəyə uyğun olan məslələri çıxardılar, forum da öz işini başa çatdırdı. Bu cür forumlar daha çox təhsilin problemləri ilə bağlı peşəkar təhsil işçilərinin sual və ya təklif formasında müzakirələrdə iştirak etməsi ilə yadda qalmalıdır. Artıq konkret olaraq mövzu ətrafında bu hazırlığı yaxud istəyi olan insanlar suallar qoymalıdırlar, problemlərin həllinə  ayrı-ayrı məsul şəxslərin istər nazir, istər müavinləri, istər müvafiq departamentə rəhbərlik edən şəxslərin cavabları və münasibəti öz əksini tapmalıdır. Bu artıq hansısa formal iclas modelindən gerçəkdən təhsilin nöqsanlarını göstərən, boşluqlarını doldurmağa çalışan prosesə çevrilməlidir. Mənim arzuladığım forum budur. Amma bu cür Azərbaycanda başqa sahələrdə də olmalıdır.

 

Ötənlərdə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən Musiqi forumu keçirilmişdi. Orada ümumi proseslər onu göstərdi ki, çox hazırlıqlı spikerlər öz sahələrinə aid olan məsələlər haqqında məruzə etdilər. Amma çox yerdə iştirak edənlər musiqi təhsilinin problemləri ilə bağlı aktual məsələləri gündəmə gətirdilər. Amma hamıya vaxt çatmadı. Biz bunu elə formada keçirməliyik ki suallar qalmasın. Bir məsələ də özünü göstərdi ki, insanlar sual vermə bacarığına sahib deyil.

 

Konkret olaraq verilməli yerdə hamı 5 dəqiqəlik proloqla başlayır. Bir çox hallarda əhəmiyyətsiz tərif, hansısa şəkildə problemdən kənara çıxmağa xidmət edir. Ona görə, biz bu cür forumları daha çox müzakirə formatında və müyyən sual, təklif zənginliyi ilə dolu formatda keçirməliyik ki, həm yaddaqalan həm də faydalı olsun.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri