19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri də azad edildi. Beləliklə, Azərbaycan öz ərazilərində tam suverenliyini bərpa etmiş oldu.
Şübhəsiz ki, “Böyük Qayıdış” a uyğun olaraq, Xankəndi sakinləri də doğma yurdlarına köçürüləcək. Eyni zamanda Bakıda və Azərbaycanın başqa ərazilərində Xankəndiyə aid müəssisələrin də şəhərə geri qaytarılacağı gözlənilir.
Hazırda Bakıda Nizami Gəncəvi adına Xankəndi 4 nömrəli tam orta məktəb fəaliyyət göstərir.
Məktəb 1945-ci ildən fəaliyyətə başayıb və Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verib. Sözügedən azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb.
2012-ci ildə Azərbaycan Prezidenti tərəfindən məktəb üçün yeni binanın tikintisi barədə qərar qəbul edib. Məktəbin yeni binası Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşir.
Bu yaxınlarda sözügedən məktəbin Xankəndiyə köçürüləcəyi ilə bağlı məlumatlar yayılıb.
Modern.az məsələyə aydınlıq gətirmək üçün məktəblə əlaqə saxlayıb.
Məktəbin direktoru Cəmilə Əhmədova onlara bu barədə rəsmi məlumat verilmədiyini bildirib:
“Əlbəttə ki, məktəbin tez bir zamanda Xankəndidə fəaliyyət göstərməsini istəyərdik. O günü biz səbirsizliklə gözləyirik. Bu gün desələr ki, köçürsünüz biz buna hazırıq. Sadəcə olaraq, məsələ ilə bağlı bizə rəsmi məlumat verilməyib”.