Əhalinin rəqəmsal savadlılığı dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. Azərbaycanda da bu prioritetləri nəzərə alaraq bir çox layihələr mövcuddur. Bu prioritetləri nəzərə alaraq, gələcəyimiz olan uşaqların sırf məktəb yaşlarından İKT bacarıqlarını inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən də mühim layihələr həyata keçirilir.
Altı il əvvəl Azərbaycanda “İnformatika” fənninin nəzəriyyəsindən daha çox praktiki məşğələlərə əsaslanaraq yeni formatda öyrənilməsi üçün “Rəqəmsal Bacarıqlar” layihəsinə start verilib. 2023-2024-cü tədris ilində “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə birgə təşkil olunan layihə Azərbaycanın 53 regionu da daxil olmaqla, demək olar ki, bütün ölkəni əhatə edir.
“Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilüfər Rəhimova Modern.az-a açıqlamasında qeyd edib ki, gənclər arasında rəqəmsal savadlılığın inkişafı Elm və Təhsil Nazirliyinin qarşısında duran ən mühim məsələlərdən biridir.
Rəqəmsal Bacarıqlar layihəsinin tələbələri və bütövlükdə ölkə üçün əhəmiyyəti nədir?
“Rəqəmsal Bacarıqlar” layihəsinin əsas məqsədi şagirdlərin rəqəmsal sahədə bilik və bacarıqlarını inkişaf etdirmək, rəqəmsal savadlılığı artırmaq, orta məktəb şagirdlərinin bu sahədə peşəkar inkişafı üçün şərait yaratmaq, həmçinin müəllimlərin təcrübə mübadiləsi və yeni biliklərin əldə edilməsi üçün platforma vasitəsilə bacarıqlarını təkmilləşdirməkdir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının mərkəzində təhsildə bərabər imkanların yaradılması dayanır. Ölkəmizdə şəhər və rayonlar arasında rəqəmsal istiqamətdə bərabərsizlik olduğu üçün şagirdlər arasında rəqəmsal bilik səviyyəsinin artırılması xüsusi diqqət yetirilir. Bu səbəbdən də layihənin getdikcə daha çox şəhər və rayonu əhatə etməsi qərara alındı və 2023-2024-cü tədris ilində Azərbaycanın 53 rayonunda 532 məktəbdən 410 minə yaxın şagirdi əhatə etməyə nail olduq. “Rəqəmsal Bacarıqlar “ layihəsinin səmərəli həyata keçirilməsi üçün məktəblərdə yeni və müasir standartlara uyğun informatika sinifləri açılır, lazımi avadanlıqlarla təmin olunur. Şagirdlərin irəliləyişinə nəzarət etmək, tədris dinamikasının izlənilməsi və problemləri yerində həll etmək üçün layihə çərçivəsində hər bölgə üzrə Regional Təhsil İdarələri ilə sıx əməkdaşlıq həyata keçirilir. Bu nümayəndələr maarifləndirmə işləri aparır, müəllim və şagirdləri sağlam rəqabətə həvəsləndirir. Bölgələr üzrə aparılan işlərə nəzarət etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən məktəblər arasında vaxtaşırı monitorinqlər aparılır.
Layihənin coğrafi genişləndirilməsi ilə paralel olaraq, İT sahəsinə maraq göstərən və məktəbi bitirdikdən sonra təhsilini bu istiqamətdə davam etdirmək istəyən orta məktəb şagirdləri üçün informatika fənninin dərindən tədrisi ilə ixtisaslaşdırılmış siniflər fəaliyyətə başlayıb. Hazırda Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə 28 məktəbdə 700-ə yaxın şagird təhsil alır. Adi dərslərdən fərqli olaraq informatika təmayüllü siniflərdə İnformatika fənni həftədə 5 dəfə tədris olunur. Dərslər zamanı şagirdlərə Python-da alqoritmlər və verilənlərin strukturu, Python-da oyun dizaynı, veb dizayn, 3D modulyasiya və şəhər mühitinin dizaynı, robototexnika və kodlaşdırma kimi istiqamətlər tədris olunur. Dərs zamanı şagirdlər öz botları üçün kod yaza və dərhal onu hərəkətdə görə bilərlər. Hazırda layihə üzrə məqsəd gələcəkdə yerli İT bazarının inkişafına və əhali arasında rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsinə töhfə verəcək yeni yaradıcı və düşünən mütəxəssislər nəslini yetişdirməkdir.
Sizcə, Rəqəmsal Bacarıqlar Layihəsini uğurlu edən nədir?
Əslində, bizim layihəmiz təkcə kodları və rəqəmləri öyrənməkdən ibarət deyil. Bu, İT istedadlarını üzə çıxarmağa və öz rəqəmsal dünyanızı yaratmağa kömək edir. Layihənin uğurunun tərkib hissələrindən biri də müəllimlərin dərsləri interaktiv şəkildə keçirmələri, şagirdləri maraqlandırmağa, onlara öz bacarıqlarını ifadə etməyə kömək etmələri və ideyalarını layihələrdə həyata keçirmələridir. Bu çox vacibdir, çünki mövzuya maraq və həvəsin yaradılması, öyrənmə zamanı yaranan hər hansı çətinlikləri aradan qaldırmağa kömək edir. Layihənin mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, dərslər zamanı biz, şagirdlərə dünyanın ən məşhur və praktik proqramlaşdırma dilləri olan Scratch və Python haqqında əsas bilikləri verir və onlarla işləməyi öyrədirik. Son 6 il ərzində biz, şübhəsiz ki, layihə tələbələrinin rəqəmsal savadlılığını tamamilə fərqli səviyyəyə qaldıra bilmişik. Bunu monitorinqlər, layihə şagirdlərinin irəliləyişlərinin digər məktəblilərlə müqayisəsi, müxtəlif olimpiada və müsabiqələrdə şagirdlərimizin uğurları sübut edir.
Şagirdləri həvəsləndirmək və onların bilik səviyyəsini yoxlamaq üçün layihə çərçivəsində hər il noyabr-dekabr aylarında “Kod Saatı” müsabiqələri də keçirilir. Əvvəlki illərdən fərqli olaraq isə bu il yarımfinalların əyani formatda bir neçə regionda keçirilməsi qərara alınıb.
Məktəblilərə nə məsləhət vermək istərdiniz?
Layihənin bütün imkanlarından tam yararlanın. Gələcəkdə hansı peşəni seçməyinizdən asılı olmayaraq, dünyamızda mütləq lazımlı və faydalı bacarıqları öyrənin. Məhz “Rəqəmsal Bacarıqlar” layihəsi İnformatika dərsindən ayrılmadan proqramlaşdırma bacarıqlarını dərindən öyrənmək üçün unikal imkan yaradır.