Modern.az

Onların müəllim işləməsi rəqabəti gərginləşdirəcək - Deputat qərara QARŞIDIR

Onların müəllim işləməsi rəqabəti gərginləşdirəcək - Deputat qərara QARŞIDIR

7 Noyabr 2023, 12:58

Oktyabrın 31-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla bir sıra ixtisasların məzunlarının müəllim fəaliyyəti ilə məşğul olmasına icazə verilib. Qərara əsasən, 59 ixtisasın məzunlarına pedoqoji fəaliyyətlə məşğul olmağa imkan yaradılacaq.

 

Qərarın müəllimlər arasında rəqabəti artıracağı gözlənilir. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov pedoqoji ixtisası olmayan şəxslərin müəllim kimi işləməsini düzgün hesab etmədiyini bildirib:

 

“Müəllim kimi çalışanların mütləq pedeqoji təhsili olmalıdır. Müəllim kimi çalışacaq şəxsin tədris metodlarından xəbəri, anlayışı olmalıdır. Mənə tam aydın deyil ki, hansı zərurətdən belə addım atılır. Hər il bizim universitetlərimizin kifayət qədər məzunu olur. Bu gün pedoqoji ixtisası olmayanları işə götürəndə bu sahədəki rəqabətdə ciddi problemlər yaranır. Mən bu qərarı düzgün hesab etmirəm. Düşünürəm ki, tələsik qərar qəbul olunub".

C.Məmmədov pedoqogikanı bilməyənlərin bu sahədən uzaqlaşdırılmalı olduğunu vurğulayıb:

 

"Əksinə pedoqogikanı bilməyən, pedoqoji fəaliyyətdən anlayışı olmayan şəxslərin bu sahədən uzaqlaşdırılmasına ehtiyac var. Lakin biz bu gün həmin şəxslərə şərait yaradırıq. Hesab edirəm ki, bu istiqamətdə biz çox ciddi işləməliyik. Belə qərar verilməzdən əvvəl məsələ ciddi araşdırmalıdır".

 

Təhsil eksperti Elçin Əfəndi isə qərarın rəqabət mühitini daha gərginləşdirəcəyini söyləyib:

 

"Nazirlər Kabinetinin qərarına əsasən, pedoqoji dərəcəsi olan müəllimlərlə digər pedoqoji ixtisas sahibləri ümumi rəqabət prosesində iştirak edəcəklər. Təbii ki, müsaqibə şərtini kim yaxşı ödəyirsə, onların müvafiq müsaqibədə iştirak hüququ nəticəsi zəif olanlara nəzərən daha yaxşı olur. Ola bilər ki, kimsə qeyri-pedoqoji ixtisasda təhsil alsa da, müvafiq müsabiqədə iştirak edib daha yaxşı nəticə göstərsin. Əlbəttə ki, onların iş imkanları daha yaxşı olur. Bu, həmin ixtisas üzrə təhsil almaq istəyən abituriyentlərin də sayına təsir edəcək. Ümumi rəqabət prosesini daha da gərginləşdirəcək".

E.Əfəndi qeyd edib ki, qərar ümumi yenilənmə prosesinə müsbət təsir göstərə biləcək:

 

"Hər il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında hardasa 40-50 min nəfər iştirak edir. Onlardan 9-10 min nəfəri müvafiq müsabiqə şərtini ödəyərək vakant yerlərini tuta bilirlər. Sertifikasiya imtahanından keçib, bütün fənləri əhatə etdikdən sonra vakant yerlərinin çoxluğunu müşahidə edəcəyik. Sertifikasiyadan sonra vakant yerlərin sayı 11-15 minə qədər arta bilər. Bu isə rəqabət aparacaq şəxslərin çox olmasını şərtləndirir deyə bilərik. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə dövlət başçısı tərəfindən tikilməsinə göstəriş verilən xeyli məktəblər var. Bu isə kifayət qədər müəllim və şagird kontingentinin olmasını zəruri edir. Bununla paralel əhalininin sıxlığının çox olduğu ərazilərdə yeni məktəblərin tikintisi də ümumi vakant yerlərinin çoxlaması ilə nəticələnəcək. Belə olan halda Nazirlər Kabinetinin vermiş olduğu qərar yerindədir deyə bilərik. Fikir versək, görərik ki, burada qeyri-pedoqoji ixtisas sahibləri pedoqoji ixtisasla yaxınlıq təşkil edir. Kimyanı bitirən şəxs fizika müəllimi, informasiya texnologiyalarını bitirən informatika fənnini tədris edə bilər. Dağ mədən mütəxəssi fizika müəllimi təyin etmirlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü