“Bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var. Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə baxılması lazımdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Deputat vurğulayıb ki, bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır: "Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Bu gün bir sıra ali təhsil müəssisələrində maaş orta məktəb müəllimindən aşağıdır. Bu ziddiyyət aradan qaldırılmalıdır".
"Ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində addımların atılması lazımdır. Söhbət həm də yeni laboratoriyaların yaradılmasından gedir. Universitetlərin tədqiqat yönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmasıdır”, - o əlavə edib.