Modern.az

Alimlər siyasi vəzifə tutmamalıdır? - Nazir HƏ, deputat YOX deyir

Alimlər siyasi vəzifə tutmamalıdır? - Nazir HƏ, deputat YOX deyir

Təhsil

1 Dekabr 2023, 10:34

Elm və Təhsil naziri Emin Əmrullayev AMEA-nın sonuncu ümumi yığıncağında alimlərin statusunun vacibliyindən danışıb. Alimlərin sırf elmlə məşğul olmasını, onlara siyasi və inzibati vəzifələrin verilməsinin düzgün olmadığını vurğulayıb. 

 

Nazir alimlərin vəzifə tutmağının düzgün olmadığını, vəzifə sahibi olanda elmlə məşğul olmağa vaxtının qalmadığını diqqətə çatdırıb.

 

"Nobel mükafatçısı Əziz Sancar heç bir yerin direktoru deyil. Biz elə bir yerə gəlib çıxmalıyıq ki, alimlərimiz kənar statuslara, vəzifələrə meyl etmədən elmlə məşğul olsun. Biz alimin yerini vəzifəsi ilə deyil, ortaya qoyduğu nailiyyətlərlə ölçməyə başlasaq, daha yaxşı bir yerə gələcəyik", - nazir belə deyib.

 

Həqiqətən, alimlərin vəzifəsi tutuması, siyasi status daşıması qadağan olunmalıdırmı?

 

Deputat Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bu fikri tam dəstəkləmədiyini bildirib.

 

“Mən bu fikri tam dəstəkləmirəm. Elmdən xəbəri olmayan, elm barədə biliyi olmayan adam elm sahəsini idarə edə bilməz. Son zamanlar bu Azərbaycan cəmiyyətində çox müzakirə olunur. Məqsədli şəkildə belə bir fikir ortaya atılır ki, idarəçi başqa olmalıdır, alim isə gedib alimliyini etməlidir. Təcrübə onu göstərir ki, bu gün elmdən xəbəri olmayan, elmi ad daşımayan, elm sahəsində çalışmayan insanlar hər hansı bir elmi müəssisəyə rəhbər gələndə bu fəaliyyət özünü doğrultmur", - o qeyd edib.

 

Ceyhun Məmmədovun sözlərinə görə, alimin dərdini bilmək, alimin yaşadığını bilmək, ona diqqət yetirmək, alimin yanında olmaq üçün alimə elə alim rəhbərlik etməlidir: "Dünya təcrübəsində bu təhsil sahəsinə, sturukturuna mütləq şəkildə elmi adı olan şəxslər rəhbərlik edirlər. İstənilən ölkəyə baxsaq görərik ki, onun elm və təhsil naziri professor, elmlər doktorudur. Bu Türkiyədə, İranda da belədir. Mən bu yanaşmanı düzgün hesab etmirəm".

 

Millət vəkili bu tendensiyanı təhlükəli hesab etdiyini vurğulayıb və elm sahəsinə, təhsilə təşkilatçılığı olan elm adamının rəhbərlik etməli olduğunu düşünür.

 

"Sovet dövründə 70 il bizim ali təhsil müəssisələrimizə, nazirliyimizə elmlər doktorları, professorlar rəhbərlik etdilər, geridəmi qaldıq? Ona görə də hesab edirəm ki, bu məsələdə çox diqqətli olmaq lazımdır. Bu kimi fikirlər səsləndirərkən də diqqətli olmalıyıq. Elm sahəsinə menecment, biznes sahəsi kimi baxmaq olmaz. Elm tamamilə fərqli bir sahədir. Elm sahəsinə də elmi dərəcəsi olan insanlar rəhbərlik etməlidir. Elmdən anlayışı olmayan insan necə gəlib elm adamlarına rəhbərlik edə, onları idarə edə bilər? Bu mümkün olan bir məsələ deyil. Bu kimi məsələlərdə yanaşmamızı doğru sərgiləməliyik. Məsələnin kökü alimin elmi müəssisəyə rəhbər təyin olunmasında deyil, səriştəsizlikdir, işi bacarmayana, bilməyənə verməkdir. Hansı alim elmi müəssisəyə rəhbərlik edib, və həmin yerin fəaliyyətində problemlər olub? Təcrübə göstərir ki daha çox elmdən uzaq, elmdən xəbəri olmayan elmi müəssisəyə rəhbərlik edəndə problemlər çıxıb", - o qeyd edib.

 

İsmayıl Bakuvi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi