Modern.az

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olundu - FOTO

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olundu - FOTO

1 Dekabr 2023, 11:10

Bakı Mühəndislik Universitetinə (BMU) elmi işlər üzrə yeni prorektor təyin olunub.

 

Modern.az xəbər verir ki, texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Ağası Məlikov universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyinat alıb.

 

BMU-nun rektoru Yaqub Piriyev yeni prorektoru kollektivə təqdim edib.

 

Bildirilib ki, Ağası Məlikov Bakı Dövlət Universitetinin riyaziyyat fakutəsini bitirib, Neftkimyaavtomat Elmi-Tədqiqat və Layihə İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Ukrayna Milli Elmlər Akademiyasının akademiki V.S.Korolyukun rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini alıb və bir sıra nüfuzlu ali təhsil ocaqlarında professor kimi fəaliyyət göstərib.

 

Nüfuzlu elmmetrik bazalarda indekslənən, həmçinin tanınmış elmi jurnallarda dərc edilən 250-dən artıq elmi əsərlərin müəllifi olan Ağası Məlikov 18 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlayıb. Onun elmi məqalələrinə istinad sayı 1200-dən artıq, H-indeksi (Hirş indeksi) 18-dən yüksəkdir. Azərbaycan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasında Kompüter elmləri üzrə Elmi Şuranın sədr müavini olan alim bir sıra mühüm elmi nailiyyətlər əldə edib.

 

Qeyd olunub ki, Ağası Məlikov bu təyinata qədər Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunda çalışıb.

 

Yaqub Piriyev BMU-nun elmi-tədiqiat sahəsində qarşısında duran vəzifələri vurğulayıb və bu sahədə böyük təcrübəsi olan yeni prorektora fəaliyyətində uğurlar arzulayıb.

 

Öz növbəsində Ağası Məlikov ona göstərilən etimadı doğrultmağa çalışacağını, universitetin elmi-tədqiqat sahəsində inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü