Modern.az

Bizə bu qədər ali məktəb və qəbul planı LAZIMDIRMI...

Bizə bu qədər ali məktəb və qəbul planı LAZIMDIRMI...

Təhsil

1 Dekabr 2023, 11:40

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılıb. Bu qərar ölkə və xalq üçün növbəti qələbə, mötəbər bir hadisədir.

 

Şübhəsiz ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, ərazilərin yenidən qurulması, dayanıqlı inkişaf və həmin yerlərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Neçə-neçə sakinlər illərlə həsrətində olduğu doğma yurdlarına geri qayıdır. Dövlətin onların rifahının yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərlə yanaşı, məktəblərin, həmçinin, universitetin yaradılması təhsilə sahəsinə də necə böyük önəm verdiyini bir daha sübuta yetirir.

 

Maraqlıdır, bizim üçün vacib olan Qarabağ Universiteti açılandan sonra ölkənin digər bölgələrindəki hansısa ali məktəb bağlana bilərmi? Ya da Bakıdakı ali təhsil ocaqlarının oxşar ixtisasları ixtisara salına, universitetlərə ümumi qəbul planı azala bilərmi? Axı qəbul planının ildən-ilə artırılması "diplomlu işsizlər ordusu"nun yaranmasına səbəb olur...



Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov məsələ ilə bağlı Modern.az-a deyib ki, Qarabağ Universitetində hələ ki çoxlu sayda tələbə təhsil almayacaq. Lakin gələcəkdə artım ola bilər:
 

“Amma Qarabağın yenidən qurulması ilə yeni iş yerlərinə də ehtiyac olacaq. Ona görə işə dair bir problem yaranmayacaq. Hazırda Qarabağa minlərlə mütəxəssis, peşəkar şəxslər lazımdır. Hesab edirəm ki, Şərqi Zəngəzurda da bir universitet yaradılsa, gözəl olar. Gələcəkdə bu istiqamətdə iş görülə bilər". 


Ceyhun Məmmədov onu da bildirib ki, bir çox ali təhsil ocaqları maddi məqsədlərlə ixtisasların sayını çoxaldır:


“Bəzi universitetlər yeni ixtisaslar açır ki, tələbələrin sayı artsın və daha çox ödəniş alsınlar. Ona görə hesab edirəm ki, ixtisas yaradılması məsələsi bazar təklifi əsasında qurulmaldır”.


 

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, universitetlərə qəbul planının hər il artması ali təhsilli, işsiz ordu formalaşdıra bilər.

"Bu istiqamətdə ciddi tədbir görülməlidir. Əlbəttə, Qarabağ Universitetinin yaradılması sırf region üçün çox vacibdir. Həm də o ərazilərdəki tələbələr rahat şəkildə, məsafə qət etmədən təhsil ala biləcəklər. Amma istər Qarabağ Universiteti, istərsə də digər ali təhsil ocaqlarımız müasir çağırışlara cavab verməlidir. Yeni ixtisaslar açılmalı, köhnələr sırada çıxarılmalıdır”.


Elçin Əəfəndi, onu da əlavə edib ki, son dövrlər doğum sayı azalıb və bu, gələcəkdə qəbul planına da təsir edəcək:
 

“Məsələn, əvvəllər 250 min uşaq 1-ci sinfə gedirdisə, indi bu rəqəm 120 - 130 min arasında müşahidə edilir. Həmin hədd 100 min olarsa, qəbul planında da özünü göstərəcək. Sözügedən dəyişikliklər bir neçə ilə baş verəcək”.
 

Zərintac Mayisqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi