Modern.az

Türkiyə-Azərbaycan Universiteti: Qəbul hansı qaydada aparılacaq...

Türkiyə-Azərbaycan Universiteti: Qəbul hansı qaydada aparılacaq...

Təhsil

1 Dekabr 2023, 16:30

Tezliklə Azərbaycan-Türkiyə birgə universitetinin açılması nəzərdə tutulur. Lakin dəqiq tarix barədə ictimaiyyətə hər hansı məlumat verilməyib. Bir müddət əvvəl Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunub. Prezident həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib.

 

Oktyabr ayında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər edib.

 

Ölkəmizdə Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə artıq bu universitetə qəbul olan şagirdlər bu universitetdə Türkiyə modeli ilə təhsil almaq imkanına malik ola biləcəklər.

 

Deputat Etibar Əliyevin fikrincə, yeni yaradılacaq univesitetdə texnoloji ixtisaslara üstünlük verilməlidir.

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması çox yaxşı ideyadır. Biz bilirik ki, Türkiyə böyük ali təhsil təcrübəsi olan bir ölkədir. Türkiyənin universitetləri reytinqlərdə çox önəmli yer tutur. Hətta Türkiyədə peykin kosmosa qaldırılmasında Orta Doğu Teknik Universitetinin alimlərinin çox böyük rolu olmuşdur. Türkiyədə olan texniki sahədə fəaliyyət göstətən ali təhsil ocaqları çox yüksək səviyyəlidir. Türkiyədə İKT sahəsində ciddi çalışmalar var. Ona görə də bu universitetin layihəsi olduqca vacibdir. Düşünürəm ki, bu universitetdə dövrün tələblərinə uyğun yeni ixtisaslar açılmalıdır. Ən böyük əhəmiyyəti ondan ibarətdir ki, burada professor-müəllim mübadiləsi olacaq. Bu mübadilə çox böyük rol oynayacaq, ali təhsil təcrübəsi formalaşacaq. Bunun özü böyük əhəmiyyət kəsb edir. Xüsusilə İKT sahəsində, kənd təsərrüfatı sahəsində ixtisasların yaradılması çox vacibdir. Düşünürəm ki, Türkiyə-Azərbaycan Universitetində bu cür ixtisaslar yaradılsa, Azərbaycana çox böyük fayda gətirə bilər. Bizim bütün sahələrdə sıx əməkdaşlığımız var. Ali təhsil sahəsində yeni əməkdaşlıq platforması yaranacaq, bu da bizim ali təhsil sistemimizin inkişafına öz töfhələrini verəcək.”

Deputat bu universitetə qəbulun yerli qaydada aparılmasının tərəfdarıdır.

 

“Qəbul yerli qaydalarla aparılsa, fikrimcə, daha yaxşı olar. Türkiyədə tələbə qəbulu sistemi çox mürəkkəbdir. Bu universitetin açılması Türkiyəyə təhsil almağa getmək istəyənlərə elə də təsiri olmayacaq. Çünki Türkiyədə dövlət hesabına elə də çox tələbəmiz təhsil almır. Kontingent çox böyük deyil. Ona görə də universitet yaradılandan sonra qəbul planını artırmaq olar. Çünki qardaş ölkə kimi texnoloji yol keçib və 4-cü sənaye inqilabının texnologiyaları öz alimlərinin zəkası hesabına çox geniş tətbiq olunub. Düşünürəm ki, biz də 4-cü sənaye inqilabının önündə irəliləmək üçün bu universitet modeli çox vacibdir.

 

Təhsil eksperti Elmin Nuri bildirir ki, yaradılacaq ali təhsil müəssisəsi Azərbaycan universitetlərinə nümunə olacaq.

 

“Türkiyə-Azərbaycan ortaq universitetinin yaradılması hər iki qardaş ölkənin dövlət başçıları tərəfindən dəstəklənən böyük elm və təhsil layihəsidir. Azərbaycan ali təhsil məkanında böyük bir yenilik gətirəcək addımdır. Ölkəmizdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, həmçinin Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri kimi təcrübələr vardır. Lakin Türkiyə-Azərbaycan universiteti tamam başqa mərhələ olacaq. Bu ali təhsil ocağı Azərbaycanın digər ali təhsil müəssisələri üçün də nümunə olacaq. Türkiyə-Azərbaycan universitetinin yaradılması, yüksək səviyyədə ərsəyə gətirilməsi sahəsində  hazırda hər iki dövlət tərəfindən işlər davam etdirilir. Yaxın gələcəkdə fəaliyyətə başlayacağı gözlənilir. 

 

Ekspert bu universitetə qəbul qaydasının Azərbaycanda olan qəbul proqramı çərçivəsində həyata keçiriləcəyini diqqətə çatdırıb.

 

"Çox güman ki, bu universitetə qəbul modeli ümumi Azərbaycanda olan qəbul proqramı çərçivəsində aparılacaq. Çünki bizdə olan model vahid səpkidə olur. Lakin burada müəyyən ixtisaslar var ki, bu ixtisaslara universitetin özünəməxsus qəbul qaydaları ola bilər. Türkiyə-Azərbaycan universiteti Azərbaycanın ali təhsil seqmentinə yeniliklər gətirəcək. Türkiyənin nəhəng universitetlərin təhsil nümunələri bu universitetdə tətbiq olunacaq. Bu da müsbət mənada rəqabət mühiti yaradacaq. Digər Azərbaycan universitetləri də bu nümunələrdən yararlanaraq özündə olan boşluqları aradan qaldıra biləcək. Bu universitet dünya ali təhsil müəssisələrinin reytinq cədvəlində irəliləyərək Azərbaycanı çox gözəl şəkildə təmsil edəcək. Biz bu gün reytinqlərdən danışanda utanırıq. Bəzən Azərbaycan universitetləri reytinq cədvəllərində aşağı yerlərdə olur. Bu, çox qısa bir zamanda Azərbaycanın ali təhsil sahəsində yeni bir mərhələ olacaqdır. Bunun üçün uzun illər gözləmək olmayacaq.”

 

Mütəxəssis aşağı nəticə göstərən abutriyentlərin bu universitetə qəbul ola biləcəyinə inanmadığını vurğulayıb.

 

“Bu gün əsas problemlərdən biri də bir sıra qonşu ölkələrə attestatla qəbul prosesinin aparılmasıdır. Bu universitetləri bitirən gənclərimizin qayıtdıqdan sonra kadr olaraq yetişə bilməməsi, etibasız diplomlar ilə geri dönməsidir. Attestat ilə qəbulda bir qəbahət yoxdur. Lakin reallıqda biz görürük ki, Azərbaycan universitetlərinə minimal qəbul şərtlərini ödəyə bilməyən gənc yalnız attestatla və müəyyən bir maddi qarşılıq əsasında həmin təhsil müəssisələrinə qəbul ala bilir. Yeni yaradılacaq universitet bunun qarşısını müəyyən qədər ala bilər. Düşünürəm ki, tam ala bilməyəcək. Çünki müraciətlərin sayı həddindən artıq çoxdur. Lakin Türkiyə-Azərbycan universitetinə yalnız yüksək nəticə göstərəcək abutriyentlər qəbul ala biləcək. İnanmıram ki, aşağı nəticə göstərən gənclər belə nüfuzlu təhsil müəssisəsinə qəbul ola bilsin.

 

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikrincə, yeni yaradılacaq universitetdə müasir ixtisaslara yer ayrılacaq.

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması Azərbaycan və Türkiyənin birgə vermiş olduğu bir qərardır. Burada əsasən müasir dövrün tələbinə uyğun ixtisaslar var ki, məhz həmin ixtisaslar üzrə kadrların hazırlığı həyata keçiriləcək. Əsasən İT, tibb yönümlü ixtisaslar olacaq. Təbii ki, hər iki ölkənin başlıca məqsədi təkcə Azərbaycan və Türkiyədən deyil, Türkdilli ölkələrdən də həmin universitetdə təhsil alan tələbələrin say çoxluğuna nail olmaqdır. Bu universitetin yaradılması ilə Türkiyədə təhsil almaq istəyən azərbaycanlılar həmin ali təhsil müəssisəsində təhsil almağa maraqlı olacaqlar. Uzun məsafə qət etmədən ölkə daxilində Türkiyə və Azərbaycan sintezləşmiş tədris sistemindən faydalana biləcəklər. Bu universitetin yaradılması ilə Türkiyə ali təhsil almaq istəyən abutriyentlərin sayında da müəyyən azalma olacaq. Amma buna baxmayaraq, Türkiyədə təhsil almaq istəyənlər yenə də olacaq. Bu qaçınılmazdır. Ümumilikdə hər iki ölkənin strateji maraqlarına cavab verən bir universitet olacaq. 

 

Ekspert qəbul qaydasının yerli qaydalar əsasında olacağını düşünür.


“Qəbulun hansı qaydada keçirilməsinə gəldikdə mövcud qaydada ölkə qanunvericilik, təhsil haqqında qanunvericilikdə, ali təhsil müəssisələrinə aparılan qəbul prosesi- DİM-in buraxılış və blok imtahanı, beynəlxalq dil sertifikatı əsasında və sair bu qaydada aparılacaq. Bəzi ixtisaslarda Türkiyədə tətbiq olunan metoddan istifadə olunması nəzərdə tutulur. Burada Türkiyədən cəlb olunan müəllim və professor heyəti də iştirak edəcəyi nəzərdə tutulur.”

 

Təhsil eksperti Kamran Əsədov Azərbaycanın Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa önəm verdiyini bildirib.

 

“İlk növbədə qeyd edim ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə atrır.  Xatırladım ki, Azərbaycan hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdır. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılmış və müstəqil olmamışdır. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində çox mənfi hal olmuşdur. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa, daha böyük önəm vermişdir. 1992-ci ilin 16-23may tarixində Ankarada türk dövlətlərinin təhsil bakanlarının toplantısı keçirildi və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilmişdir. Belə ki, bu toplantıda qardaş dövlətlərin təhsilində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılması və sair məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verilmişdir. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisas artırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır. 

 


Ekspert təhsildə Türkiyənin təcrübəsindən yararlanmağın böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

 

"Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsi yaradılması çox mühüm hadisədir. Qeyd edim ki, hazırda Türkiyədə 21 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir.

 

Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var.
 Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu xüsusi ilə qeyd etmək istəyirəm. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir. İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair proses 2024-cü ildə başa çatacaq.  Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq.

 

Digər tərəfdən Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet və orta məktəb yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır. Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var. Bakıda, “Ağ Şəhər” adlanan ərazidə Bakı Fransız Liseyi və UFAZ universiteti var. Bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb. Seçenov adına Moskva Tibb Universitetinin , Lomonosov adına Moskva Beybəlxalq Universitetinin Azərbaycanda filialları var. Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradar".

 

İsmayıl Bakuvi

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi