Modern.az

Bakıda avtomobil tıxacı pik həddə çatdı

Bakıda avtomobil tıxacı pik həddə çatdı

16 Sentyabr 2013, 09:39

Nəqliyyat Nazirliyinin küçələrdə asılmış tabloları qıpqırmızıdır


Az qala adam pis oxuyan şagirdlər kimi dərslərin başlamasını heç istəmir. Bunun bircə səbəbi var: dərslər başladı, Bakıda nəqliyyatın fəaliyyəti iflic olur, vəssalam! Bunu Nəqliyyat Nazirliyinin küçələrdə asılmış tablolarına baxmaqla da görmək olar. Bu gün səhər bu tablolar sanki qana boyanmışdı. Bakının müxtəlif yerlərindən metronun “Gənclik” stansiyası  istiqamətində işə gələn əməkdaşlarımızın verdiyi məlumatlara görə, şəhərin müxtəlif yerlərində avtobuslar tıxaclarda ilişib.
Sumqayıtda yaşayan əməkdaşımız Gültəkin Ələsgərli isə redaksiyaya telefon açaraq bildirib ki, belə davam etsə, işə günorta saatlarında gəlib çıxacaq.
”Neftçilər” metrostansiyasının yaxınlığında yaşayan Elşad Eyvazlı yaşadığı yerdən “Gənclik”ə 1 saat 20 dəqiqəyə gələ bildiyini qeyd edib. “Dərnəgül” şossesi yaxınlığında yaşayan Əfqan Qafarlı yolların bərbad gündə oldugunu qeyd edib. Əlavə edib ki, bərbad yolda avtomobil tıxacının yaranması lap faciədir. O, deyib ki, səhər saatlarından yolda tıxac yaranıb.
Zığ kəndində yaşayan əməkdaşımız Aytən Əliyeva isə yarım saatdan artıqdır ki, Fəhlə prospektində tıxacda qalıb. İşə gəlmək üçün avtobuslardan imtina edib yeraltı nəqliyyata üstünlük verən əməkdaşlarımız da sürprizlə qarşılaşıblar. Metroda “sərnişin tıxacı” yollarda avtomobil tıxacından heç də az deyilmiş. Beləcə, dərslərin başlaması Bakının tıxac problemini pik həddə çatdırdı.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular