Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin 16-cı Qurultayı keçirilir.
Modern.az xəbər verir ki, qurultayın plenar iclasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev ,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ADA universitetinin rektoru Hafiz Paşayev, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Bərdə şəhəri 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əsədov çıxış edəcəklər.
Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçiriləcək.
Qurultayın ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularda panellər olacaq.
Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.