Xəbər verildiyi kimi, 15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib. İki gün davam edən qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər.
Modern.az qurultayda iştirak edən qonaqlardan bir neçəsinin təəssüratlarını təqdim edir:
APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı:
“Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı çox məzmunlu idi. Elm və təhsil naziri Emin Əmrullayevin məruzəsi yalnız görülən işlərlə bağlı hesabatı əks etdirmirdi, eyni zamanda problemlər də müzakirə olunurdu. Qurultayın proqramında ən xoşuma gələn məqam ondan ibarət oldu ki, növbəti illər ərzində Azərbaycan təhsili hansı yerdə olmalıdır, müəllim nüfuzunun daha da yaxşılaşdırılması üçün hansı işlər görülməlidir kimi məsələlər əksini tapırdı. Emin müəllimin çıxışında söylədiyi fikirlər bu gün bütün dünyada təhsilin trendidir. Çünki qarşıda bizi, ümumiyyətlə, təsəvvürümüzə gətirmədiyimiz yeni peşələr, sahələr gözləyir və onlar indidən müəllimlər tərəfindən tədris olunmalı, araşdırılmalıdır. Bu baxımdan Azərbaycan müəllimlərinin XVI qurultayı müzakirəsi olan bir tədbir idi və gördüyümüz ənənəvi qurultaylardan fərqlənirdi”.
Təhsil eksperti Kamran Əsədov:
“Azərbaycan müəllimlərinin XVI qurultayı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunduğu vaxtda keçirilən ilk qurultaydır. Bu qurultayın iki gün davam etməsi və panel müzakirələr əvvəlki qurultaylardan fərqlənirdi. Xüsusilə panel müzakirələrin çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm. Burada ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin təmsil olunması təhsilin pillələri arasında əlaqələri qurmağa da kömək edən bir vasitədir. Müəllimlərə birinci gün rəsmi şəxslərlə görüşmək və öz fikir və təkliflərini çatdırmaq imkanlarının verilməsi Azərbaycan təhsilinin inkişafına yönəlib. Qurultayın qətnaməsini təhlil edəndə görürük ki, “Böyük Qayıdış” konsepsiyası əsas hədəflərdən biridir. Ümumilikdə, qurultayın baş tutmuş işini səmərəli hesab etmək olar. Növbəti 5 il üçün müəllimlərin qarşısına hədəflərin qoyulması Azərbaycan təhsilinə təkan verəcək bir addımdır”.
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova:
“Azərbaycan müəllimlərinin XVI qurultayında iştirak etmək bizim üçün qururlu anlar yaşatdı. Çünki, cənab nazirin dediyi kimi, bu qurultay təhsilin Qarabağa qayıtdığı dövrə təsadüf edir. Təhsil işçiləri olaraq biz indiyə qədər vətənpərvər şəxslər yetişdirirdiksə, bundan sonra vətənpərvərliklə yanaşı işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri apara biləcək gələcək nəsil, insanlar yetişdirməliyik. Qurultayda səsləndirilən hədəflər Qarabağda işləyən təhsil işçiləri olaraq bizim məsuliyyətimizi artırır, bizi yeni ideyalara, layihələrə ruhlandırır”.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai:
“Təhsilyönümlü QHT təmsilçisi olaraq, Azərbaycan müəllimlərinin XVI qurultayı, qurultayda səsləndirilən fikirlər və qətnamə mənim və təşkilatımız üçün istiqamətverici qüvvə oldu. Vətəndaş cəmiyyəti institutu kimi təhsilimizə töhfə verə biləcəyimiz məqamları göstərdi. Düşünürəm ki, doğru yanaşma və strategiya ilə nəticəyönümlü iş üçün məlumatlılıq, boşluqları bilmək önəmlidir. Bu baxımdan məlumat əsaslı çıxışlar növbəti illərin fəaliyyət planı olaraq prioritetləri müəyyən etməyimizə yardımçı oldu. Xüsusilə bildirməliyəm ki, qətnamədə qeyd edildiyi kimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tədris prosesinin müasir standartlara uyğun təşkili işinin davam etdirilməsi, uşaqların erkən yaş dövründən inkişaf etdirilməsi, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi hazırki fəaliyyət istiqamətimizin mərkəzində dayanır və bu sahədə sistemli iş aparmaq, birlik nümayiş etdirmək böyük önəm kəsb edir”.
Təhsil eksperti Adil Vəliyev:
“Azərbaycan müəllimlərinin XVI qurultayı həqiqətən çox maraqlı keçdi. Qurultayda müxtəlif mövzularda panel müzakirələr oldu. Bu panel müzakirələrdə indiyə kimi görülən və görüləcək işlər haqqında statistik məlumatların verilməsi, orada iştirak edən müəllimlər, təhsil işçiləri və digər sahələrin mütəxəssisləri tərəfindən dinlənilməsi olduqca müsbət haldır. Ümid edirəm ki, gələn qurultaya kimi burada müzakirə olunan problemlərin hər biri aradan qalxar”.