Modern.az

Tədrisin keyfiyyətinə daha çox nə təsir edir: Şagird sayı, yoxsa müəllimin hazırlığı...

Tədrisin keyfiyyətinə daha çox nə təsir edir: Şagird sayı, yoxsa müəllimin hazırlığı...

Təhsil

10 Yanvar 2024, 15:19

Elm və təhsil naziri Emin Əmrullayevin İTV-ə müsahibəsində səsləndirdiyi fikirlər sosial mediada müzakirələrə səbəb olub. Nazir deyir ki, “Ən yaxşı təhsil sistemi Sinqapurdadır. Sinqapurda  bir sinifdə standart olaraq 40 şagird təhsil alır”.

 

Onun fikrincə, sinifdə daha çox şagirdin oxumasının təhsil prosesinə mənfi təsiri “mif”dir.

 

Bu fikri dəstəkləyənlər də oldu, qarşı çıxanlar da. Bəs, əslində bu fikrin arxasında nə dayanır? Nazir nəyi nəzərdə tutur?

 

Qeyd etmək lazımdır ki, nazirin sinifdə şagird sayının təhsil prosesinə təsiri haqqında fikirlərinin tədrisin keyfiyyəti fonunda müzakirə edilməsi arzuolunandır. Çünki burada əsas məqam yaxşı təhsil vermək üçün məşhur bəhanələrdən uzaq olmaq ilə əlaqədardır. Əbəs yerə deyil ki, bu məqamlar “mif” adlandırılır. Əgər araşdırsanız, görərsiniz ki, bu məqamlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarında da öz əksini tapıb. 


Belə ki, insanlar düşünə bilər ki, Az şagirdi olan siniflər həmişə daha yaxşıdır.

 

Amma az şagirdi olan siniflərin təhsildə daha yaxşı nəticələrin əldə edilməsində təsirli olduğunu göstərən heç bir beynəlxalq araşdırma nəticələri yoxdur. Əksinə, siniflərin sayını azaltmaq üçün resursların ayrılması təhsilin təkmilləşdirilməsinə daha çox töhfə verə biləcək fənlər üzrə xərcləri məhdudlaşdıra bilər. Yüksək performanslı ölkələrdə müəllimlərə investisiya qoyuluşu siniflərin sayından daha çox üstünlük təşkil edir. (Mənbə: OECD, 2018b – WORLD CLASS- How to Build A 21st-Century School System)


Nazir də çıxışında savadlı müəllimin sinfi idarə edərək yaxşı nəticə ortaya qoya biləcəyinə toxunur. Əks halda kiçik komplektli siniflərdə şagird nailiyyətləri yüksək olmalı idi. Yəni burada əsas məsələ müəllimin səriştəsinin və ixtisas biliklərinin yüksək olmasıdır. Nazirlik də öz növbəsində buna müxtəlif yollarla nail olmağa, bu yolla tədrisin keyfiyyətinin artırılmasına çalışır:

 

-    Müəllimlər sertifikatlaşdırmadan keçirilir. Son 2 ildə 137 min müəllimdən 40 min nəfəri (29%) sertifikasiyadan keçib. Önümüzdəki illərdə təkcə ümumi təhsil müəssisələrinin deyil, eləcə də məktəbəqədər və peşə təhsili müəssisələrinin təhsilverənləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar.

 

-    Sertifikatlaşdırmadan keçirilmiş müəllimlərdən 8 min nəfərin əməkhaqqına 35%, 24 min nəfərin əməkhaqqına isə 10% əlavələr edilib. Sertifikatlaşdırma prosesindən sonra hər 3 müəllimdən 1-i 1000 manat və daha yuxarı (34 min müəllim 1000-1500 manat, 7 min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manat və daha çox) əməkhaqqı alır. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində hazırda onların orta aylıq əməkhaqqı 830 manat təşkil edir. Təhlil göstərir ki, həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırıb, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.

 

-    Müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edən müdavimlərin sayı ilbəil artmaqdadır. Elm və Təhsil Nazirliyi sinfə savadlı müəllimin dərs deməsi üçün işə qəbulu şəffaf müsabiqə əsasında həyata keçirir. Burada rəqabət də çox güclüdür. Sözügedən yolla hər tədris ilində 6000-dən çox müdavim işlə təmin olunur, bir sözlə sinif otağına buraxılır. 

 

Göründüyü kimi, müəllimlərin səriştəsinin yüksəldilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına, bununla da şagird sayı kimi faktorların nailiyyətlərə təsiri azaldılmağa çalışılır.

 

Əlbəttə ki, say faktoru var, lakin bu həlledici məsələ deyil. Siniflərdə şagirdlərin sayı Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı” Normalarına əsasən tənzimlənir. Həmin Normanın tələblərinin icra edilməsi nazirliyin nəzarəti ilə dövlət ümumi təhsil müəssisələri tərəfindən həyata keçirilir. Lakin burada nazirin fikrinin təhrifinə yol vermək doğru olmazdı. Çünki Nazirlik sinifdə şagirdlərin sayı ilə bağlı tələblərə riayət etməyə çalışır, buna rəğmən keyfiyyəti yalnız bu amilə bağlamır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi