Qondarma “polkovnik” Azərbaycanda talış dövləti yaradılmasına çağırdı
Bu gün - sentyabrın 24-də İrəvana səfər edən qondarma “Talış-Muğan Respublikası”nın “prezidenti” Ələkrəm Hümbətov gözlənildiyi kimi, Azərbaycana qarşı separatçı və xain çıxış edib.
Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, “polkovnik” Hümbətovun iştirakı ilə İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının başlatdığı talışşünaslıq proqramının açılışı keçirilib. Mərasimi sözügedən kafedranın müdiri, Şuşadan yayımlanan “Talışıstanın səsi” radiosunun rəhbəri Qarnik Həsrətyan çıxış edib.
Həsrətyan deyib ki, universitetdə talışşünaslıqla bağlı başladılmış proqram unikaldır və heç bir universitetdə bənzəri yoxdur.
Erməni professor Ermənistanda talış mədəniyyətinin və dilinin təbliği üçün görülən işlərdən, talış dilində nəşrlərdən danışıb. O bildirib ki, başçılıq etdiyi kafedra tərəfindən hazırda Quranın nüsxələrinin talış dilinə tərcüməsindən ibarət məcmuə hazırlanır. Həsrətyanın sözlərinə görə, hazırda İrəvanda təşkil olunacaq ikinci talış konfransına hazırlıq gedir və bu konfransa 100-dən çox nümayəndə qatılacaq.
Q.Həsrətyan Ermənistanda bir nəfər də olsun talışın yaşamadığı halda nədən bu ölkənin talışlarla bu cür fəal məşğul olduğu haqda müntəzəm olaraq meydana çıxan suallarla tanış olduğunu deyib. Lakin o bildirib ki, bu, tutarlı arqument deyil və erməni şərqşünaslarının talışşünaslığa bu cür geniş diqqət ayırmasında siyasi motivlər yoxdur.
Daha sonra mərasimdə təntənəli şəkildə “Talış-Muğan Respublikasının prezidenti” kimi təqdim olunan Ələkrəm Hümbətov çıxış edib. O, erməni ailmlərinə talış dilinin və mədəniyyətinin öyrənilməsi yönündə gördükləri işlər üçün təşəkkür bildirib. Bədnam separatçı bildirib ki, Azərbaycanda hazırda talışların “assimilyasiyası” həyata keçirilir. Talış mədəniyyətinə qeyri-rəsmi tabu qoyulub: “Burada - İrəvan Dövlət Universitetində mən ilk dəfədir talışşünaslığın bir elm sahəsi kimi öyrənildiyinin şahidi oluram”.
Ə.Hümbətov deyib ki, Ermənistanın açdığı “Talışıstanın səsi” radiosu hazırda talışlar üçün öz dillərində informasiya almaq üçün yeganə mənbədir. Ə.Hümbətov Azərbaycanda talışların ayrıca dövlətinin qurulmasına və bu dövlətin konfederativ əsasda Azərbaycanın tərkibində yer almasına çağırıb.
Qeyd edək ki, Ə.Hümbətov İrəvandan işğal altındakı Azərbaycan ərazilərinə gələcək və orada iki gün qalacaq.
Modern.az