Modern.az

Dövlət Komitəsi: “Xaricdəki azərbaycanlıların seçkidə iştirakına dair tədbirlər həyata keçirilir”

Dövlət Komitəsi: “Xaricdəki azərbaycanlıların seçkidə iştirakına dair tədbirlər həyata keçirilir”

25 Sentyabr 2013, 09:56

“Diasporla İş üzrə Dövlət Komitəsi 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında keçirilən seçki və referendumlarda iştirak hüququna dair maarifləndirici tədbirlər həyata keçirir”. Bu sözləri Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm deyib. “Məlum olduğu kimi, Seçki Məcəlləsi dövlət orqanlarına seçkiqabağı təşviqatla məşğul olmağı qadağan edir. Buna görə də Dövlət Komitəsi seçki ilə bağlı təbliğat və təşviqat işləri ilə məşğul ola bilməz. Biz yalnız xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına seçkilərdə necə iştirak edə biləcəklərinə dair məlumat veririk”.

E. Miraləm bildirib ki, xaricdəki Azərbaycan vətəndaşlarının seçki və referendumlarda iştirak hüququna dair məlumatlar “Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş” kitabında öz əksini tapıb.

“Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilmiş bu kitab bütün diaspor təşkilatlarına göndərilib. Bundan başqa, xarici ölkələrdə yaşayan azərbaycanlıların seçki və referendumlarda iştirak hüququna dair maarifləndirici məlumatlar Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində də yerləşdirilib. Zərurət yarandığı hallarda əlavə izahatlar da verilir. Bundan əlavə, mövzu ilə əlaqədar xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları bütün suallarını e-mail, telefon və ya Dövlət Komitəsinin “Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti” elektron xidməti vasitəsilə Komitənin müvafiq şöbələrinə ünvanlandıra bilərlər”.  


Aytən ƏLİYEVA  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?